Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Rusiyanın aparıcı media orqanları Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Bu mövzu rusdilli mətbuatda günün əsas beynəlxalq xəbərlərindən birinə çevrilib. Nəşrlər Prezident İlham Əliyevin çıxışından xüsusilə regional təhlükəsizlik, Bakı-Moskva əlaqələri və beynəlxalq təşkilatlarla münasibətlərə dair bəyanatlarını ön plana çıxarıblar. Almaniyanın "Deutsche Welle" yayım qurumu Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə dair səsləndirdiyi fikirləri geniş işıqlandırıb. Məqalədə dövlət başçısının Azərbaycanın artıq 2 ildir Avropa Şurasında ayrı-seçkiliyə məruz qaldığını bildirdiyi vurğulanır. Qeyd olunur ki, Prezident İlham Əliyevin sözlərinə görə, münasibətlərdə dönüş nöqtəsi Avropa Şurası Parlament Assambleyasının 2024-cü ildə Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi olub.





















