Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
Son vaxtlar paytaxtda və bölgələrdə “Aqro Mall” Ticarət Mərkəzinin bir çox obyektlərinin fəaliyyətini görürük. Bu ticarət məkanlarının fəaliyyəti və müştəri məmmunluğunu bir kənara qoyub, cumhuriyyet.az olaraq “Aqro Mall” Ticarət Mərkəzinin Baş Direktoru Həsən Şərifovla bağlı bəzi məqamları diqqətə çatdırmaq istərdik. Həsən Şərifov ali təhsilini BDU-nin tarix fakültəsində alsa da onun həyat tarixçəsi tamam başqa istiqamətdə inkişaf edib. Özünü dərman biznesi sahəsində sınamaq qərarına gələn H.Şərifov qardaşı Asif Şərifovun köməyindən lazımınca istifadə edib. Qardaşının yaxından köməkliyi ilə “Riyad-farm”ın icraçı direktoru vəzifəsinə qədər yüksələn Həsən Şərifov Rusiyanın paytaxtı Moskvada özünə geniş biznes şəbəkəsi formalaşdırıb. Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çoxmilyonluq kredit götürən H.Şərifov götürdüyü krediti təyinatı üzrə deyil,daha çox özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları sonradan onlar üçün problemə çevrilib. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra Şərifovların da biznesinin qürubu başlayıb. Qeyd etdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Həsən Şərifov bundan sonra fəaliyyətini sanki “dondurur”.
Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalara əsasən, H.Şərifov ABB-dən götürdüyü milyonlarla manat krediti Rusiyada və Azərbaycanın müxtəlif bölgələrində şəxsi biznesinə sərf edib. Buraya 3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu, paytaxtın müxtəlif yerlərində çoxsaylı mənzillər daxildir. Lakin, Cahangir Hacıyevlə zamanında sıcaq münasibətlərdə olan Həsən Şərifov həbs edilsə də sonradan “sudan quru çıxmağı” bacarıb. Bir zamanlar “zavtrak”ını Bakıda, “obed”ini Moskvada, “ujin”ini İsveçrədə edən Həsən Şərifov mübhəm bir səssizliyə çəkilərək öz fəaliyyətini davam etdirir. Məlum maliyyə qalmaqalından və həbsdən sonra bir müddət “üfiqlərdə gözdən itən” Həsən Şərifov indi “Aqro Mall” Ticarət Mərkəzinin yelkənləri ilə biznes dalğalarında üzür. Bu dalğaların mənbəyi və yeni yeyintilər haqda növbəti yazımızda….





















