Kremlin yeni “Qarabağ strategiyası” nədən xəbər verir?
"Yaxın vaxtlarda Moskvanın Qarabağ siyasətində dəyişikliklər olacaq. Xovayevin səfəri də bununla bağlıdır”. Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfərini şərh edərkən deyib: "İqor Xovayev Bakıdan öncə İrəvanda olub. Onu da nəzərə alaq ki, bu günlərdə Türkiyə və Rusiya prezidentlərinin də görüşü baş tutub. Bu səfərlərlə Xovayevin Bakıya gəlişi arasında bir əlaqə mövcuddur. Bir sıra məsələlər var idi ki, onların hansı səpkidə müzakirə olunacağı əvvəlcədən bilinirdi. Bunu Ərdoğanın təyyarədə jurnalistlərə verdiyi müsahibə də göstərirdi”. Arif Əliyev qeyd edib ki, indiki vəziyyətdə Rusiya özünün Qarabağ taktikasında dəyişiklik etməyə meylli kimi görünür. "Ermənistanın mövqeyindəki dəyişiklik, Rusiyanın özünün vəziyyətinin çətinləşməsi İrəvanı buna sövq edir. Fikrimcə, Xovayevin səfəri də bu məsələlərlə əlaqədardır. Rusiyanın Qarabağla bağlı siyasətində yaxın vaxtlarda dəyişikliklər gözlənilir”, deyə Arif Əliyev vurğulayıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 5-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə regionda vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması barədə müzakirələr aparılıb.