Zərərli olduğu deyilən palma yağı faydalıdır? – AÇIQLAMA
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin palma yağının da digər bitki yağları kimi insan qidası üçün yararlı olduğunu deməsi mövzunu yenidən aktuallaşdırıb. Çünki indiyə qədər bir sıra mütəxəssislər palma yağının çox zərərli və təhlükəli olduğunu bildirirdilər. Mediaxeberleri.Az-a açıqlama verən qida mühəndisi Fərid Səfərov deyib ki, palma yağı ətrafında çox müzakirələr aparılsa da, onu nə tamamilə "zəhər", nə də digər bitki yağlarından tam üstün hesab etmək düzgündür. O qeyd edib ki, palma yağının təsiri onun hansı növdə olmasından, necə emal edilməsindən və nə qədər istehlak olunmasından asılıdır: “Palma yağı doymuş yağ turşuları ilə digər bitki yağlarının əksəriyyətindən daha zəngindir. Həddindən artıq qəbul edildikdə qanda LDL ("pis") xolesterinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin artmasına səbəb ola bilər. Lakin bu risk yalnız palma yağına məxsus deyil. Kərə yağı, quyruq yağı və digər doymuş yağlarla zəngin məhsullar da həddindən artıq istifadə olunduqda oxşar təsirlər göstərə bilər. Digər tərəfdən, keyfiyyətli və standartlara uyğun istehsal olunmuş palma yağı E vitamini və bəzi antioksidant maddələr də ehtiva edir. Əsas problem onun xüsusilə hazır qidalarda, şirniyyatlarda, peçenye və fast-food məhsullarında çox istifadə olunmasıdır. Belə qidaların tez-tez istehlakı ümumi doymuş yağ qəbulunu artıraraq sağlamlığa mənfi təsir göstərə bilər. Yəni düzgün yanaşma palma yağını tamamilə qadağan etmək deyil, ümumi qidalanmada doymuş yağların miqdarını nəzarətdə saxlamaqdır. Gündəlik rasionda zeytun, günəbaxan və ya kanola kimi doymamış yağlarla zəngin bitki yağlarına üstünlük vermək, palma yağı olan emal olunmuş məhsulları isə normada istehlak etmək daha sağlam seçim hesab olunur. Ən vacib məsələ tək bir yağ deyil, ümumi qidalanma vərdişləridir”.





















