BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Oktyabrın 12-də BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qətnamə qəbul edilib. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. İnkişaf hüququ Qoşulmama Hərəkatı üçün xüsusi əhəmiyyət kəsb edən və hərəkatın gündəliyində önəmli yer tutan əsas mövzulardandır. Ölkəmiz Hərəkata sədrliyi dövründə inkişaf hüququnun təşviq edilməsi və hüquqi bazasının gücləndirilməsi istiqamətində çoxsaylı addımlar atıb, inkişaf etməkdə olan ölkələrin mövqeyi və maraqlarının beynəlxalq müstəvidə irəlilədilməsində aktiv və nəticəyönümlü fəaliyyətlər aparıb. Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçılarının 18-ci Bakı Zirvə Toplantısı (25-26 oktyabr 2019) və Hərəkatın Əlaqələndirici Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasının (5-6 iyul 2023) yekun sənədlərində inkişaf hüququnun təşviqi məsələsinə xüsusi vurğu edilib. Şurada qəbul edilmiş bu qətnamə inkişaf hüququ üzrə özündə hüquqi öhdəlikləri ehtiva edən beynəlxalq sənədin ilk dəfə olaraq BMT Baş Assambelyasına təqdim edilməsinə yol açır. Azərbaycan bundan sonra da BMT, Qoşulmama Hərəkatı və digər çoxtərəfli beynəlxalq formatlarda insan hüquqlarının ayrılmaz hissəsi olan inkişaf hüququnun təşviqi və irəlilədilməsində aktiv fəaliyyətini davam etdirəcəkdir.