Baş nazir postu ləğv edilir?
“Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsi və konstitusiya islahatları mövzusu yenidən gündəmin əsas müzakirə istiqamətlərindən birinə çevrilib. Xüsusilə icraedici hakimiyyətin strukturu, Nazirlər Kabinetinin funksionallığı və institutların hesabatlılığı məsələsində fərqli yanaşmalar ortaya qoyulur”. Bu barədə "Tv Musavat"ın canlı efirində REAL Partiyasının sədri Natiq Cəfərli danışıb. Onun sözlərinə görə, ölkənin əsas qanununda fundamental dəyişikliklərə ciddi ehtiyac var: "Mənim şəxsi baxışlarıma görə, Azərbaycan Konstitusiyasında ciddi bir dəyişikliyə ehtiyac var. Gərək biz ortaq məxrəcə gələk ki, ya Baş nazir institutu, Nazirlər Kabineti ləğv edilir... Çünki prezident üsul-idarəsində buna ehtiyac qalmır. Prezident özü Nazirlər Kabinetinin iclasını keçirdir, tapşırıqlar verir, dinləyir, özü idarə edir. Ya bunu etməliyik, ya da Prezident dövlət başçısı olaraq xarici siyasət, ordu və təhlükəsizlik kimi ali səlahiyyətləri saxlamalı, parlamentdən çıxan hökumət isə sosial-iqtisadi məsələlərin məsuliyyətini daşımalıdır". Partiya sədri qeyd edib ki, idarəetmədə şəxslərin deyil, institutların necə çalışması əsas rol oynamalıdır: "Mənim üçün şəxslərin o qədər də önəmi yoxdur. Mən institutların necə çalışmasının dərdindəyəm. Azərbaycanda Baş nazir olacaqsa, parlamentdən çıxan, parlament tərəfindən dənətlənən, hesabatlı olan və sosial-iqtisadi məsələlərə həm məsuliyyəti, həm də səlahiyyəti olan bir institut olmalıdır. İndi səlahiyyəti var, amma məsuliyyəti yoxdur. Məsələn, ölkədə iqtisadi artım tempi aşağı düşəndə Nazirlər Kabineti parlamentə gəlib deməlidir ki, 'biz bacarmırıq, alınmır, bəlkə bizdən yaxşı bacaranlar var' və istefaya getməlidir". Natiq Cəfərli əlavə edib ki, hazırda Baş nazir institutu problemləri həll edən bir mərkəz kimi effektiv deyil: "Mənim üçün Baş nazir institutu Azərbaycanda problemləri həll edən bir mərkəz olmalıdır. İndi belə deyil. Heç olmasa, problemlərlə bağlı Prezidentə məruzələr edilməli, hansı istiqamətdə getməyin məsləhət olduğu müzakirə edilməlidir. Biz isə bunu görmürük. Baş nazir ciddi bir instituta çevrilməli, hər gün xalqın qarşısına çıxmalı, fundamental proqram müsahibələri verməlidir ki, biz onun nə düşündüyünü bilək. Təəssüf ki, bizdə bu ənənə yoxdur".





















