Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın öldüyü avtomobil qəzası ilə bağlı təqsirləndirilən Nuran Abdurrahmanovun cinayət işindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, zərərçəkənin hüquqi varisi tərəfindən verilən şikayət təmin edilməyib və hökm qüvvədə saxlanılıb. Xatırladaq ki, Binəqədi rayon Məhkəməsimin hökmünə əsasən, Nuran Abdurahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il dekabrın 22-də Pirşağı-Novxanı yolunun Bakı şəhəri Binəqədi rayonunun Görədil bağlar massivi ərazisində baş verib. Belə ki, Nuran Abdurahmanov idarə etdiyi "Samand Soren" markalı dövlət qeydiyyat nişanlı avtomobillə qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə 50 km/saat sürətlə hərəkətdə olan Yadigar Babayevin idarə etdiyi "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında qarşı-qarşıya toqquşub və nəticədə "Nissan Sunny" markalı dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini Aynur Rzayevanın ağır xəsarətlər alaraq ölümünə səbəb olub. Sürücü Yadigar Babayev qəza nəticəsində ağır bədən xəsarətləri alsa da, onun həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi başlanılıb, Nuran Abdurahmanov Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə məsuliyyətə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib. Qəzada həyatını itirən Aynur Rzayevanın atası Tapdıq Rzayev Ermənistanın Azərbaycana qarşı işğalı zamanı Kərkicahan uğrunda gedən döyüşlərdə şəhid olub.





















