Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatının mükafatçıları olublar
Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb. "Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, yarışın sonuncu - XI turunda Azərbaycan qrossmeysterlərinin duelində Aydın Süleymanlı ilə Məhəmməd Muradlı heç-heçə ediblər. Sona lider kimi qədəm qoyan Nicat Abasov isə ağ fiqurlarla Rumıniya təmsilçisi Daniel Boqdanla bərabərliyə razılaşıb. Ukraynalı Roman Deqityarov son turda ispan David Gixarronu məğlub edərək qitə çempionu adını qazanıb. XI turdan sonra hərəyə 8,5 xal toplayan Azərbaycan şahmatçıları 2-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərə əsasən, Nicat Abasov Avropa çempionatının gümüş, Aydın Süleymanlı isə bürünc medalına sahib çıxıb. Son ölkə çempionu Məhəmməd Muradlı yarışı 4-cü pillədə başa vurub. İlk dördlükdə qərarlaşan hər üç şahmatçımız gələn il keçiriləcək Dünya Kubokuna vəsiqəni təmin ediblər. 43 ölkənin qatıldığı turnirin yekununda fəxri kürsünün iki pilləsində Azərbaycan təmsilçiləri yer alıb. Xatırladaq ki, fərdi Avropa çempionatı 2000-ci ildən keçirilir. Azərbaycanın kişi şahmatçılar arasında qitə birinciliyində yeganə medalını 2005-ci ildə ikinci yeri tutan Teymur Rəcəbov qazanmışdı. Bu nəticə ilə təmsilçilərimiz 21 ildən sonra bu uğuru təkrarlayıb və inkişaf etdiriblər.





















