ƏMƏK NAZİRLİYİNDƏ 8 MİLYONLUQ YEYİNTİ... - Günahkarlara “töhmət verilib”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. İntizam tədbirləri çərçivəsində 2025-ci ildə 56 əməkdaşa yazılı, 81 əməkdaşa şifahi xəbərdarlıq, 8 əməkdaşa töhmət verilib, 1 əməkdaş isə aşağı vəzifəyə keçirilib. Vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə bağlı aparılan araşdırmalar nəticəsində isə əlavə olaraq 16 əməkdaşa yazılı, 32 əməkdaşa şifahi xəbərdarlıq, 35 əməkdaşa töhmət, 3 əməkdaşa şiddətli töhmət verilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 8 əməkdaşın əmək müqaviləsinə xitam verilib. Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub. “AzPolitika.info”





















