DTX Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması istiqamətində səmərəli fəaliyyət göstərir – Əli Nağıyev
“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur”. Mediaxeberleri.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə deyib. “Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq etmişdir. Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”, - deyə, Xidmət rəisi bildirib. 





















