İllik zibilin yanmasından alınan enerji ilə neçə min ev işıqlandırıla bilər?
"Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində 500 min ton bərk tullantıları yandırmaq gücündədir". Bunu "Təmiz Şəhər" ASC-nin Utilizasiya şöbəsinin müdir müavini Arif Kərimov WUF13 çərçivəsində jurnalistlər üçün "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təşkil edilən infotur zamanı bildirib. Qurum rəsmisi qeyd edib ki, il ərzində tullantıların yandırılmasından 200 milyon kilovat/saat enerji istehsal olunur: "Bu isə 110 min ev təsərrüfatını, məsələn, Gəncə boyda şəhərin bir il ərzində elektriklə təmini deməkdir. Zavodda istehsal olunan enerjinin 15 faizi zavodun daxili enerji ehtiyacının ödənilməsinə sərf edilir, qalan hissəsi Dövlət Enerji Şəbəkəsinə ötürülür. Yandırılmadan ayrılan tüstü zavodda xüsusi reaktorda zəhərli qazlardan absorbsiya edilir. Sutka ərzində yandırılan tullantının 24 faizini dib külü təşkil edir. Ondan isə alternativ inşaat materialı istehsal edilir. Bu material yol inşaatında alt qat kimi istifadə olunur". Oxu.az





















