Süni intellektdən bu məqsədlə istifadə edənlər cərimələnəcək!
Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audiomaterialların müvafiq nişanlanma yayılması olmadan yayılması qadağan edilir. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, foto, video və ya audiomaterialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə tətbiq olunacaq.
Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və audio materialların xüsusi texniki üsul və avadanlıqlardan istifadə olunmaqla müəyyən edilməsi mümkündür:
“Yəni texniki vasitələrlə həmin materialın süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığını müəyyən etmək olar. Bununla bağlı artıq bir sıra inkişaf etmiş ölkələr müvafiq normaları öz qanunvericiliklərinə daxil ediblər və bu sahədə müəyyən cəza tədbirləri də tətbiq olunur. Belə hallarda cərimə sanksiyaları tətbiq edilə, eləcə də həmin şəxslərin müəyyən fəaliyyətlə məşğul olmasına qadağa qoyula bilər. Əgər bu məsələ İnzibati Xətalar Məcəlləsinə əlavə edilərsə, həmin əmələ görə inzibati məsuliyyət və intizam tənbehi nəzərdə tutula bilər. Əgər məsələ Cinayət Məcəlləsi çərçivəsində tənzimlənərsə, bu halda artıq cinayət məsuliyyəti və daha sərt cəza tədbirləri tətbiq edilə bilər. İnzibati Xətalar Məcəlləsinə əsasən, müəyyən müddət üçün inzibati həbs tətbiq oluna bilər. Cinayət Məcəlləsinə uyğun olaraq isə şəxsin müəyyən müddətə azadlıqdan məhrum edilməsi kimi cəza tədbirləri də nəzərdə tutula bilər. Əgər burada hər hansı nişanlanma olmazsa, materialı hazırlayan və paylaşan şəxs məsuliyyətə cəlb olunur”.





















