Mediaxeberleri.az
    
  • “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
    “Yazırlar ki, Məhərrəmlikdə ad gününə getdin, başına pis iş gəldi”
  • 
  • Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
    Xalq Şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib
  • 
  • Ağstafaya dolu düşdü - Foto
    Ağstafaya dolu düşdü - Foto
  • 
  • Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
    Qurban Qurbanov gedənlər və gələnlər haqda danışdı - MÜSAHİBƏ
  • 
  • Xətaidə konsert proqramı... - Foto
    Xətaidə konsert proqramı... - Foto
  • 
  • PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
    PREZİDENTDƏN YÜKSƏK VƏZİFƏYƏ TƏYİNAT - Hüseyn Əliyev kimdir?
  • 
  • Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
    Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+FOTOLAR
  • 
  • Qızıl kəskin ucuzlaşdı
    Qızıl kəskin ucuzlaşdı
  • 
  • Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
    Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi
  • 
  • Nəriman Həsənzadənin son durumu...
    Nəriman Həsənzadənin son durumu...
  • 
  • "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
    "RUSİYADA NİFRƏTİN YENİ HƏDƏFİ MİQRANTLAR OLACAQ...” – “Soydaşlarımızın kütləvi şəkildə Azərbaycana qayıtması qaçılmaz ola bilər”
  • 
  • Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
    Səməd Vurğunun pianoçu nəticəsi: Stalin haqqında ən gözəl şeiri Mikayıl Müşfiq yazıb - MÜSAHİBƏ
  • 
  • MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
    MB qaydaları dəyişdi: onlayn kredit belə veriləcək
  • 
  • Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
    Nəriman Həsənzadənin sağlamlıq vəziyyəti ilə bağlı xəbər var
  • 
  • Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
    Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN
  • 
  • DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
    DÇ-2026-da pley-off mərhələsi: Daha üç 1/8 finalçı məlum olacaq
  • 
  • Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
    Almaniya dünya çempionatı ilə vidalaşdı - DÇ-2026-da sensasiya
  • 
  • "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
    "İşə düzəltmə" adı ilə dələduzluq - Odlar Yurdu Universitetinin də adı hallanır
  • 
  • Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
    Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
  • 
  • "Qarabağ" Ukrayna klubuna uduzdu
    "Qarabağ" Ukrayna klubuna uduzdu
  • 
  • VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA
    VƏFAT EDƏN HƏR 10 ŞƏXSDƏN 4-Ü... - Pensiyaçılarla bağlı ACI STATİSTİKA

Son xəbərlər :
  • Pensiyalarla bağlı rəsmi məlumat
  • Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə
  • RUSİYADA MİQRANTLAR BAĞLI YENİ TƏLƏBLƏR... - Şərtlər ağırlaşdırılır
  • Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
  • Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
  • Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...
  • m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
  • Argentina DÇ-2026-nn finalında
  • Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
  • Lətifə belə dincəlir
  • İcra başçısı onu özünə müavin təyin etdi
  • Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
  • Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
  • “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
  • DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
  • Samuxda kütləvi zəhərlənmə...
  • Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
  • Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
  • Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
  • Hava xəbərdarlığı: intensiv yağış, dolu...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

92 yaşlı loğman Ərşad Əzimzadə: Allah Quranda bizə ət və buğda yeməyi məsləhət görməyib - MÜSAHİBƏ

  • Tarix: 11-03-2026, 21:18

Yazıçı-jurnalist, tanınmış loğman, təbii üsullarla müalicə üzrə mütəxəssis Ərşad Əzimzadə APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin on ikinci yazısı

Dosye: Ərşad Əzimzadə 1934-cü ildə Zəngilan rayonunun Seyidlər kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Uzun illər "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana", "Bakinskiy raboçiy" və "Azərbaycan" qəzetlərinin müxbiri vəzifələrində çalışıb. Təbii üsullarla müalicə üzrə mütəxəssis kimi tanınır. "Möcüzəsiz möcüzə", “Bizi yaşadan da qidadır, öldürən də”, “Cəhənnəmdən cənnətə bir addımdır” kimi kitabların, eləcə də “Ağ atlı oğlan” və başqa bədii əsərlərin müəllifidir.

Fotoqrafımız Rüfətlə Ərşad müəllimin təzəlikcə işə düzəldiyi şirkətə gəlmişik. Bizi şüşə arakəsməli otaqlardan birinə dəvət edirlər. Müsahibə üçün uyğun guşə axtara-axtara Ərşad müəllimin gəlməsini gözləyirik. Az sonra müsahibimiz ofisin uzaq küncündən görünür. Qaməti əyilsə də, yerişi yaşına görə xeyli qıvraqdır. İş masalarının yanından keçib bizim otağa sarı gəlir və şüşə qapını açıb içəri keçir.


Ermənilər bizim kənddən qorxurdu

- Salam, xoş gəldiniz.

- Xoş bulduq.

- Mirmehdi.

- Mən də Mirərşad.

- Lap yaxşı. Siz deyəsən, elə Seyidlər kəndindənsiniz, Zəngilanın.

- Hə, Seyidlərdənəm. İki qardaş olub, kənd camaatı da onların törəməsidir.

- Onda əməli-başlı seyidsiniz?

- Yüz faiz. İntəhası komsomol, mətbuat işçisi olmuşam, “Mir”i istifadə edə bilməmişəm. Sonralar da təşəbbüs göstərməmişəm. Bizim kəndin hamısı seyiddir. Hətta ermənilər də qabaqlar qorxurdu, bizim kəndi dağıtmırdılar. İndiki ermənilər isə artıq dağıdır. 1918-ci ildə anamgil oradan qaçıblar, deyirdi ki, taxıl vardı, quyuda basdırmışdıq, gəldik, gördük, o da yerindədir, heyvanlar da yerindədir. Yəni, qorxudan torxunmamışdılar.

Ayaqüstü söhbətdən sonra fotoqrafımızın seçdiyi yerdə əyləşirik. Bizə çay gətirirlər. Stəkanlardan birini müsahibimin qabağına çəkirəm.

- Çay içirsiniz?

- Mənim öz çaylarım var.

- Bu çaylardan içmirsiniz?

- İçmirəm.

- Nə çayıdır? Bəlkə biz də içək, şəfa taparıq.

- Burada yoxdur, itburnu ilə qaragilənin qarışığıdır. İkisi bir yerdə dəmlənməlidir. Birində A vitamini çoxdur, o birisində C vitamini. Ona görə də onu mən axşamdan dəmləyirəm.

- O cür çayı hər gün içirsiniz...

- Hər gün. 32 ildir. Bunlar ikisi birlikdə olanda orqanizmdə yaxşı müdafiə xətti yaradırlar.

- Ərşad müəllim, bu səhər nə yemisiniz? Düzü mən hər müsahibimə bu sualı vermirəm.

- Hippokrat deyirdi, biz nə yeyiriksə, oyuq. Məhəmməd peyğəmbər deyirdi ki, bütün fəsadların yuvası mədədir, bütün dərdlərin çarəsi pəhriz. Buna görə də qida rejimini dəyişmədən, düzgün qidalanmadan insan sağlam ola bilməz. Çünki qanı yaradan qidadır. Bizim hüceyrələrimiz isə qanın tərkibindən asılıdır. Bədənimizdə 70 trilyon hüceyrə var. Təpədən dırnağacan hüceyrədən toxunmuşuq. Bu 70 trilyon hüceyrənin yeməyi canlı qidalardır: meyvədir, tərəvəzdir, çiçəklərdir, otlardır və s. və ilaxır. Əgər biz onları vitaminlərlə, təbii duzlarla, təbii turşularla, təbii yağlarla kifayət qədər təmin edə bilməsək, zəifləyəcəklər. Çünki hüceyrələr həm bir tərəfdən kütləvi şəkildə qırılırlar, həm də onlarda nəsil artırmaq qabiliyyəti pisləşir. Hüceyrələr canlıdırlar, evlənirlər, toy edirlər, dünyaya övlad gətirirlər.

Gün ərzində bədənimizdəki hüceyrələrin bir faizi ölür, bir faizi isə yaranır. Amma bu hüceyrələr düzgün qidalanmadıqda, yəni ölü qida yedikdə, tutalım, bişmiş xörəklər, duza qoyulmuş qidalar...

- Konservlər.

- Bəli, konservlər. Bunlar hamısı ölü qida sayılır, çünki tərkibində heç bir faydalı element qalmır. Ona görə də onlara alimlər ölü qida adı veriblər. Canlı qida hüceyrələrə kifayət qədər faydalı element daşıya bilir. Ölü qida isə ancaq şlak şəklində yığılıb bədəndə qalır.

İldə 20 balon bal işlədirəm

- Ölü qida həm mədənimizi doldurmağa xidmət edir, həm də bədənimizi zəhərləyir, xüsusi bir faydası yoxdur?

- Yox, faydası yoxdur, amma böyük zərəri var.

- Bəs konservlərin üstünə niyə B1, B2, C, D və sair vitaminlər “var” deyə yazılır?

- Onlar hamısı reklam xarakteri daşıyır və pul tələsidir.

- Ona qayıdarıq, mən bilmək istəyirəm, bu səhər nə yemisiniz?

- Mən hər gün eyni qaydada qidalanıram. Yerdən duran kimi, 300 qramlıq fincanım var, onunla bir həmən çaydan süzürəm. Ona əlavə edirəm iki çay qaşığı alma sirkəsi, iki çay qaşığı bal. Bunu içdim, üstündən təxminən bir saat keçir. Bir dənə limonun şirəsini sıxıram. Sonra içinin ağ hissəsini dırnağımla çıxardıram, tökürəm həmən fincana. Üç çay qaşığı bal əlavə edirəm və içirəm. Onu içib gəlmişəm bura. İndi burada da bir dənə portağal ilə bir limonun şirəsini verdilər səhər-səhər.

- Kim verdi?

- Şirkət.

- Şirkət onu hamıya verir, yoxsa təkcə sizə?

- Yox, hamı istəmir axı onu. Mənim qidam odur, mən ayrı qida yemirəm. Günorta da kök, çuğundur və xiyarın şirələrindən ibarət qarışığı içəcəm.

- Nə əcəb onları yemirsiniz?

- Şirədə axı vitamin daha çoxdur. Biri var, sən bir almanı yeyəsən, bir də var 5 almanın şirəsini içəsən.

- 5 alma yeyin.

- 5 almanı yemək olmur axı, yeyə bilmirəm.

- Meyvə-tərəvəzlərin şirəsini çəkəndən sonra yerdə qalan hissəni atırsınız? Orda da vitaminlər, liflər var.

- Əsasən liflər var, vitamin şirədədir.

- Bağırsağa da liflər lazımdır.

- Günorta mənə həmən liflərdən ibarət salat düzəldəcəklər. O salatı yeyəcəm. Bu olacaq mənim əsas qidam. Yəni, bağırsaq normal işləyəcək.

- Bəs axşama nə yeyəcəksiniz?

- Axşama, yenə salat olacaq, kahı, kərəviz, kökdən ibarət salat. Bir də ki, ya 5-8 ədəd qoz yeyəcəm, ya da 10-15 ədəd badam, fındıq... Yəni bunları o salatla yeyəcəyəm.

- Sabah səhərki rasionunuz nə olacaq?

- Hər gün eyni şey olur. Ondan başqa çiy yumurta yeyirəm.

- İçirsiniz?

- Yox, içmirəm. 2 dənə yumurtanı sındırıb tökürəm piyaləyə. Ora da əlavə edirəm bir diş sarımsaq və bir az da limon sıxıram üstünə. Niyə görə? Çünki yumurtanın tərkibində mikrob ola bilər. O mikrobları məhv eləməyin yolu limon və sarımsaqdır. Ona qatıram 1 çay qaşığı kakao və 2 çay qaşığı bal. Mənim əsas qidam demək olar ki, baldır. Ona görə də, ildə mən 20 balon – biri 4 kiloqram yarımdır - bal işlədirəm.

- İlə 3500 manata yaxın pul edir. Siz onda bizdən bahalı yaşayırsınız.

- Yox, bir dəqiqə, ətə pul vermirəm. Yağa pul vermirəm, çörəyə pul vermirəm, çaya pul vermirəm, şəkərə pul vermirəm. Ondan sonra, həkimə pul vermirəm. Dərmana pul vermirəm. Bunların hamısını hesablayanda mən sizdən çox-çox az pul xərcləyirəm.

Katib məni görəndə ayağa dururdu

- Həkimə sonuncu dəfə nə vaxt getmisiniz?

- Son vaxtlar diş həkiminə getmişəm, vəssalam. 32 il bundan qabaq şəkərli diabetə tutulanda həkimə gedənəm.

- O vaxta qədər bizim kimi qidalanırdınız?

- Hə, sizdən də pis. Təsəvvürünə gətir, mərkəzi dövlət qəzetinin bölgə müxbiri işləyirdim.

- Hansı qəzetdə işləyirdiniz?

- Lap əvvəl “Molodyoj Azerbaydjana”a qəzetində, sonra “Azərbaycan”, “Bakınskiy raboçiy” qəzetlərində işləmişəm. Uzun illər Lənkəran, Quba-Xaçmaz tərəflərdə zona müxbiri olmuşam. Təsəvvür edirsən, biz içəri girəndə katib ayağa dururdu. Çalışırdılar ki, biz razı gedək. Bizi yaxşı qidalandırırdılar. Yaxşı yemək verirdilər.

- Məclis qurulurdu da, belə deyək?

- Məclis yox, adətən elə ikimiz olurduq. Katiblərin həmişə ayrıca kabinetləri olurdu, orada otururduq. Yaxşı yeməklər gəlirdi. O yeməklərdən yeyirdim. Təsəvvürünə gətirirsən də, katibin yeməyi necə olar. Mən də onunla yeyirdim. Gedəndə də ətdən, yağdan pay qoyurdular, heç vaxt korluq çəkmirdim. Mən bir az təmiz işləmişəm. Pul zad almırdım, həm də heç vermirdilər, versəydilər, alardım. “Bakinskiy raboçiy”, “Molodyoj Azerbaydjana” təmiz qəzet idi. “Kommunist” qəzeti yox, orda işləyənlərin çoxu fırıldaqçı idi. Mən rus dilini də mükəmməl bilirəm, onun üçün bu qəzetlərdə işləyirdim.

- O dövrdə jurnalistlərin maaşı necə idi?

- Çox pis. Ümumiyyətlə, maaş Sovet dövründə də, indi də çox pisdir. Biz zona müxbiri kimi yerlərdə otururduq. Lənkəranda mənə ev vermişdilər. Tədbirləri işıqlandırırdım, özüm mövzu seçib müstəqil işləyirdim. Adətən reportajlar yazırdım. Hazırda mən “Durna bulağı” adlı roman yazıram, bunların hamısını orada qeyd etmişəm. Bir də monoqrafiya yazıram.

- Nə ilə bağlıdır?

- Öz taleyim, həyatımla bağlıdır.

- Taleyinizdən narazı olmağınızla bağlıdır?

- Çox narazıyam taleyimdən.

- Niyə?

- Nə bilim, anam mənə həmişə deyirdi ki, qaradabansan. Qaradaban biz tərəflərdə bəxti gətirməyən adamlara deyirdilər. Həmişə deyirdi ki, sən dünyaya gəldin-gəlmədin, bu dünya pozuldu. Məndən qabaq yaxşı yaşamışdılar. Atam dərzi işləyirdi.

- Seyidlərdə?

- Hə, dərzi işləyirdi, başqa kəndlərdən də tikməyə paltar gətirirdilər, yaxşı dolanışığımız olurdu. Pulu olmayanlar, ərzaq, qoyun-quzu verirdilər. Ona görə də onlar yaxşı yaşamışdılar. Elə ki, mən 1934-cü ildə dünyaya gəldim, 37-də kolxoz, artel (Müəyyən şərtlərlə birlikdə işləmək üçün düzəldilən təsərrüfat birliyi – M.A.) gəldi.

- Camaatın, heyvan-qarasını alıb qatdılar kolxoza?

- Bizim çoxlu malımız var idi, aldılar, qatdılar kolxoza.

- Hamısı yadınıza gəlir, yoxsa?

- Bəli. Sonra, atamı məcbur elədilər ki, artelə girsin. Öz başına işləyə bilməzdin. Əl-qolunu tamam bağladılar. Nə qədər plan doldurmalı idi. Artelin dərzisi kimi işlədiyi üçün atam rayon mərkəzinə köçməli oldu. Anamı isə kolxozdan buraxmadılar. Beləliklə, atam rayon mərkəzində qaldı, anam kənddə, mən gah ora, gah bura gedirdim. Ailə demək olar dağıldı. Sonra qardaşımın taleyi pis gətirdi.

Qardaşım qələbə xəbərini eşidəndə ağladı

- Siz ailədə böyük uşağıydınız?

- Mən sonbeşiyəm. Yeddinci uşaq idim. Qardaşım böyük idi, müharibəyə getdi. Möhkəm döyüşdü. 45-ci illərdə yaxşı ordenlərlə gəlmişdi. Bir də təzədən çıxıb getdi. Çünki komandir idi. Getdi, orada da bir adamı öldürdü. Ona həmən vaxt iki aylıq məzuniyyət vermişdilər, Zəngilana gəlmişdi. May ayının 9-u rayon mərkəzində bankın arxasındakı bağda oturmuşduq. Qardaşımı zabit kimi çay məclisinə dəvət etmişdilər. Hər gün bir təşkilat aparırdı, görüş keçirirdilər.

- Hələ müharibə gedirdi?

- Hə. O görüşlərə gedəndə məni də özü ilə aparırdı. Özü də balaca idim, qardaşım çox vaxt qucağına alıb aparırdı.

- Hiss olunur ki, həmişə belə arıq-cılız olmusunuz.

- Hə, elə o vaxtdan arığam. Çünki müharibənin üzündən vitamin qıtlığından inkişaf olmadı. Bizim nəsildən olan müharibə uşaqlarının hamısı bu cür törə qaldılar. Hə, 9-u mayda qardaşımla bankın arxasındakı bağda oturmuşduq. Birdən dirəyin yuxarısından asılmış səsgücləndirici ilə radiodan Levitanın (Yuri Levitan, Ümumittifaq radiosunun diktoru, nadir səs tembrinə malik idi – M.A.) səsi ilə xəbər verildi ki, Reyxstağa Sovet bayrağı sancıldı, Almaniya kapitulyasiya elədi. Bunu eşidəndə qardaşım uşaq kimi hönkür-hönkür ağlamağa başladı: “Mən orda olmalı idim, burda yox...” Bax, belə də dedi... O bilirsən, qeyri-adi adam idi, qəhrəman idi, amma normal adam deyildi.

- Müharibə yəqin, psixologiyasını pozubmuş.

- Hə, 4 il müharibədə döyüşmüşdü və tamam başqa adama çevrilmişdi. Çay süfrəsini yarımçıq qoydu, evə gəldik. Heç kəsə heç nə demədi. Bir balaca çantası vardı, onu götürdü, getdi. Gedəndən sonra eşitdik ki, komandir olduğu hissənin atını, arabasını satıb, inəkləri varmış, kəsiblər.

- Kim eləyib?

- Qardaşım.

Nəzərim Ərşad müəllimin sol əlinə ilişir, o da bunu görür:

Bu tibb elindən mənə yadigar qalıb.

- Nədir o?

- Poliartrit deyilən xəstəliyin nəticəsidir. Məndə 8 xəstəlik əmələ gəlmişdi, 30 il müalicə elədilər, sağalmadı.

- Hə, qardaşınız inəkləri kəsib.

- Kəsib, ordan gediblər, dəmir yolu stansiyasına, yük qatarında çaxır varmış, qapısını sındırıb çaxırları götürüblər, bayramı qeyd ediblər. Ona görə 2 illik islah əmək düşərgəsində göndərdilər.

Xalq Cəbhəsinin yaradıcılarından biri oldum

- Qardaşınız birdən-birə niyə belə edib?

- Bəs demirəm, anormal adam idi? Uşaq olanda da başını qoyurdu velosipedin üstünə, ayaqlarını qaldırırdı göyə, o cür sürürdü.

- Macərapərəst olub.

- Cüvallağı olub. Belələrinə adətən dəliqanlı deyirlər, mənsə deyirəm cüvəllağı. Atam həmişə onunla mübahisə edərdi, deyərdi Ərşaddan arxayınam, amma səndən yox.

- İslah əmək koloniyasından sonra nə oldu?

- Orda da bir polkovniki öldürdü.

- Nə üstündə?

- Qısqanclıq üstündə, sənəddə belə yazılmışdı. Yaraşıqlı oğlan idi, qızlar dərdindən ölürdü. Mənim kimi cılız, törə deyildi. Uca boylu, enlikürək oğlan idi. Məktəbdə qızlar onun üstündə qırğın salırdı. O vaxt qəsdən adam öldürməyin cəzası güllələnmə idi. Qardaşımın xidmətlərini nəzərə alaraq - hər halda bizə belə yazmışdılar - 25 il iş verdilər, göndərdilər Norilsk şəhərinə.

- Norilsk ən şimalda yerləşən şəhərdir, altı ay gecə, altı ay gündüz olur. Qışda temperatur mənfi əllini keçir.

- İndi şəhərdir, o vaxt qəsəbə idi. Orada da vitamin deyilən şey yoxdur. Ora cavanları göndərirdilər ki, mədənlərdə işləsinlər. Qardaşım cəmi beş il yaşaya bildi, vitaminsizlikdən dünyasını dəyişdi. Ona görə də anam həmişə deyirdi ki, sən gəldin-gəlmədin dünyaya, dünya dağıldı. Monoqrafiyanın adını da əvvəl “Qaradaban” qoymuşdum.

- Ərşad müəllim, onu elə bioqrafik roman kimi yazın da, monoqrafiya etiketi yapışdırıb niyə janr imkanlarını daraldırsınız?

- Orda mənim dünyaya, Sovet quruluşuna baxışım var. Mən orda Sovet quruluşunun eybəcəriklərini göstərirəm.

- Elə faktları göstərsəniz də bəs edər, əlavə şərhə nə ehtiyac?

- Yox, o heç. Hər halda mən Çörçill deyiləm, amma mənim taleyim də mürəkkəb olub. Sonradan gəldim, Xalq Cəbhəsinin yaradıcılarından biri oldum. Həbsxanaya düşdüm.

- Bu faktı bilmirdim.

- Bəli, AXC-nin yaradıcılarından biri mənəm. İntəhası, İdarə Heyətinə girməmişdim. Mən Xaçmazda işləyirdim. Onda “Azərbaycan” jurnalının baş redaktoru Yusif Səmədoğlu idi. Bizim münasibətlərimiz yaxşı idi. Çörək kəsmişdik, jurnalda “Qara kahada həyəcan” adlı fantastik povestim çıxmışdı.

- Sizin burada kitablarınız var?

- Var.

- Bədii əsərlərinizdən deyirəm, varsa, mənə verərsiniz, oxumaq istəyirəm.

- Baxaram, görüm varsa, mütləq verərəm. Keçən il “Ağ atlı oğlan” adlı 2 cilddən ibarət kitab yazdım. Əsər Ağ atlı oğlanı necə yaratmaq lazımdır, o barədədir. Mən bu qənaətə gəlmişəm ki, Ağ atlı oğlanı axtarmağa dəyməz. Ağ atlı oğlan hər bir evdə yetişməlidir. Onu necə yetişdirmək lazımdır?

- Orada göstərmisiniz sizin metodla necə yaşamaq lazımdır?

- O da var. Orada İdrak dərviş deyilən obraz var, mənim prototipimdir. O əsərdə 19 yaşında, əri müharibədə həlak olmuş qadın və onun oğlunun taleyindən bəhs olunur. Onlar axırda Bakıda məktəb açıb adını da “Ağ atlı oğlan” qoyurlar.

- Belə zəngin ömrünüz və mürəkkəb taleyiniz var. Niyə fantastikaya, təxəyyülə qaçırsınız? Axı sizin həyatınız özü elə fantastikdir! Olmaz ki, olduğu kimi yazasınız?

- Əksinə, mən o əsərdə Ağ atlı oğlan ideyasının çürüklüyünə gülmüşəm.

- Anladım. Müharibə vaxtı əri cəbhəyə yollanmış, başsız qalan tənha qadınlarla rəftar necə idi? Sizin kənddə belələri var idi?

- Var idi. O mövzunu mən Sovet dövründə “Arandan gələn adam” adlı povestimdə yazmışam. Ər gedib müharibəyə, özü də cəsur adam olub, yaxşı adam olub, kişi olub. Eybəcərin, xəstənin biri isə qalıb kənddə, olub kəndin ağası. Bu hərbçinin arvadına gözü düşür. Özü də o vaxtı bir-iki kilo buğdaya canını satanlar vardı.

- Nail olur arzusuna?

- Yox.

- Gerçək əhvalat əsasında yazmısınız, yoxsa təxəyyülünüzün məhsuludur?

- Bu, milyonların başına gəlmiş hadisələrdir.

Mənə dedilər 200 manat verməsən, qızıl medal ala bilməyəcəksən

- Siz o vaxt belə şeyləri görmüşdünüz?

- Hə, görmüşəm və onları ümumiləşdirmişəm. Mənim anamın əri var idi, yəni o qəhrəman mənim anam ola bilməzdi. Həm də biz yeddi uşaq idik, əsərdəki qadının bir uşağı var.

- Belə başa düşdüm ki, Levitan qələbəni elan eləyəndə rayonda bircə qardaşınız sevinməyib.

- Sevincindən göz yaşı tökənlər, ağlayanlar var idi. O günü hamı xilas günü kimi qarşıladı. Bir qardaşım çox pərişan oldu.

- Neçə qardaşıydınız?

- Bir o idi, bir mən. Yeddi uşaqdan beşi qız idi. Onların da taleyi çox ağır keçdi. Ən böyük bacımın yoldaşı dəmir yolunda işləyirdi, orada həlak oldu.

- Siz neçənci ildə Bakıya oxumağa gəldiniz?

- Bakıya birinci dəfə əlli dördüncü ildə gəldim. İki il işlədim. Evdən pul göndərmirdilər. Mən səkkizinci sinifdə oxuyanda atam öldü, doqquzda oxuyanda anamın gözləri tutuldu. Qaldım, tamam yetim.

- Böyük qardaşınız da həbsdə...

- Böyük qardaşım artıq həlak olmuşdu, dünyada yox idi. Mən məcbur qalıb montyor işləyirdim.

- Məktəbdə oxuya-oxuya?

- Oxuya-oxuya, həm də əlaçıydım. Mənə istədilər ki, qızıl medal versinlər. Məktəbin direktoru təmiz kişiydi. Atama, qardaşıma böyük hörməti var idi. Dedi ki, mənə sizin bir qəpiyiniz də lazım deyil. Amma aparıb Maarif Nazirliyə pul vermək lazımdır. Hələ Sovet dövründən, 52-ci ildən danışıram sənə. Dedi aparıb ora 200 manat verməsək, qiymətimi endirəcəklər, qızıl medal da düşməyəcək.

- Sizdə də heç nə yox.

- Hə. Qardaşım müharibədən qabaq poçtda rəis işləyirmiş. Elə ordan da könüllü olaraq ərizə yazıb müharibəyə getmişdi. Deməyəsən, qardaşımın adında böyük yeyinti var imiş. Ona görə də evimizə gəlib qardaşıma aid nə var idisə müsadirə etmişdilər. Bundan başqa qardaşım o ki əsgərlikdə dövlət əmlakına ziyan vurmuşdu, onu da bizə ödətdirdilər.

- Ananınızın cer-cehizini də alıb apardılar?

- O vaxt “torq” deyilən yer vardı, onlar gəlib apardı. Yox, ancaq qardaşıma aid əşyaları müsadirə edirdilər. Onsuz anamın heç nəyi yox idi. Yağış yağanda evimiz damırdı. Mən palazın altına girib dərs oxuyurdum.

- Bunların hamısını yazmamaq mümkün deyil.

- Ona görə də yazıram.

- Deməli, 200 manat istədilər deyə verə bilmədiniz, sizə də qızıl medal düşmədi.

- Yox, qızıl medala düşmədim. Amma Bakıya gəlib özüm imtahan verdim. O vaxt ən populyar ali məktəb olan Azərbaycan Sənaye İnstitutuna girdim. İntəhası evdən pul göndərən yox idi deyə, axşam şöbəsinə keçdim. İndiki Dəmir Yolu İdarəsinin yerində tramvay-trolleybus parkı vardı. Orada da fəhlə işinə girdim. Palçıq qatırdım, ustaya kubik daşları verirdim. Təsəvvür elə, onda da bu boyda idim, çəkim də bu boyda idi.

Qafan rayonunun hamısı Azərbaycan kəndləri idi

- Saçınız da belə uzun idi?

- Yox. Saçım bir az kəndfason idi.

- Yaraşır sizə. Mənim saçım kimi uzundur.

- Nə bilim, elə deyən də var, belə deyəndə.

- Gəldiniz, işlədiniz, oxudunuz, bitirdiniz.

- Axşamlar dərsə gedirdim. Özüm də Sovetskidə kirayədə qalırdım. Dərsi zülmlə oxuyurdum, oturduğum yerdə yatırdım.

- Bəs jurnalistikaya necə keçdiniz?

- Gəlirəm ora.

- 50-60 yaşlı adamlara baxmayın, 92 yaşınız var, hamısını danışsanız, gərək üç gün burda oturaq. Ona görə, müxtəsər eləyək.

- Eləyək. Axşam şöbəsində oxuyanda məni əsgər apardılar. Üç il Gümrüdə xidmət elədim. Orada ədəbiyyata elə girişdim ki, rus dilini ana dilim kimi öyrəndim. Qayıdandan sonra sənətlərimi jurnalistika fakültəsinin qiyabi şöbəsinə verdim, çünki pul göndərənim yoxdur.

- Ananızla maraqlanırdınız, necə idi?

- Anamın vəziyyəti çox pis idi. Bir bacım Qubadlı rayonuna ərə getmişdi, aparıb qoymuşdum onun yanına.

- O biri bacılarınız harada idi?

- Bacımın birinin ilan çaldı, öldü. 15-16 yaşı vardı. Bir bacımı Qafana ərə vermişdik, sonralar köçüb gəldi Bakıya. Qafan rayonunun hamısı Azərbaycan kəndləri idi. Oralar qabaq bizim yaylaq yerimiz olub. Mən də elə yaylağa gedəndə Qacaran kəndində anadan olmuşam. Atam bizi qoyub orada, köçü gətirib aşağı. Ondan sonra təzədən qayıdıb iki atla anamla məni götürüb gəlib.

- Atanız nədən ölmüşdü?

- Atam... Yaşı çox idi. Mən axırıncı uşaq idim, bilmirəm. Yəqin qocalıqdan. O biri bacım da rayonda qalmışdı, işğal vaxtı qaçqın kimi Bakıya gəldi, keçən il öldü.

- Ərşad müəllim, o dövrdə hüzr, yas mərasimləri necə keçirildi? Bacınız, atanız öləndə hüzr verdiniz?

- Yox, elə şeylər yox idi. O vaxt hüzr də, toy da həddən artıq çox sadə idi.

Mən ana-atamdan özümə qarşı məhəbbət görməmişəm

- Mənə sizin yadınızda qalanlar maraqlıdır, necə görmüşünüz, onu danışın.

- Müharibə dövrünün hüzrü tamam ayrı cür idi, yas filan verilməzdi. Camaat heç yeməyə çörək tapmırdı. “Qospa” deyilən şey var idi, jmıx da deyirdilər. Heyvanlara vermək üçün Amerikadan göndərirdilər. Onu yeyirdik, heyvanlara macal vermirdik. Özümüzü vururduq meşələrə nə tapdıqsa, onu da yeyirdik.

- Qaban, donuz yeyirdiniz?

- Yox.

- Tapılmırdı?

- Əvvəla bizim kənddə o şeyləri yeməzdilər. İkincisi də yox idi. Müharibə vaxtı zülm idi. Elə anam da bu çətinliyə görə mənə qaradaban deyirdi.

- Bu yaşa gəlmisiniz, yəqin ananız tez-tez yadınıza düşür?

- Yox.

- Niyə?

- Nə bilim, düşmür.

- Ananızı xatırlayanda kədərlənirsiniz?

- Yox, yalandan danışa bilmərəm. Kədər yoxdur. Anam çox illər kor vəziyyətdə yaşadı. Atam da çox sərt kişi olub. Mən ana-atamdan özümə qarşı məhəbbət görməmişəm.

- Amma həmişə ummusunuz.

- Hə, ummuşam, ikisindən də. Amma olmayıb. Ona görə də mən onları kədərlə yad eləmirəm. Amma qardaşıma heyfim gəlir. Müharibə olmasaydı, bəlkə də rayon şəraitində...

- Bəlkə də sizi bir yerə çıxarardı.

- O deyirdi ki, gəlib səni Suvorov məktəbinə aparacam. Məni hərbçi eləmək istəyirdi. Bir epizod deyim. Qardaşım məzuniyyətə gələndə Bakıdan - Mərkəzi Komitədən zəng edib tapşırmışdılar ki, onu yaxşı qarşılasınlar. Vağzal da təxminən 2 kilometr uzaqdaydı. Qardaşımı yaxşı qarşıladılar. O məni aldı qucağına, raykomun birinci katibinin otağına qədər o yolu piyada qucağında gətirdi. Çünki...

- Sizi deyəsən uşaq vaxtı qucağına alan yeganə adam elə qardaşınız olub.

- Hə, bəlkə də. Anam belinə şəlləyərdi, amma o da iş görmək üçün edərdi. Amma qucağına alan olmayıb. Pis dövr yarandı, elə bil ki, insanları tamam dəyişdilər, zamana dəyişdi.

- Müharibə dövründə?

- Müharibə dövründə yox, kolxoz qurulması dövründə. Yas mərasimlərini soruşurdun. Ya böyük qazanda bozbaş bişirərdilər, bir tikə ət, kartof, bir də suyu. Bir dənə də lavaş. Bu yaxşı dövrdə idi. Müharibə dövründə bunlar da yığışdırıldı. Toylarımızın əsas canı oynamaq idi. İndiki kimi deyildi. Geniş bir həyətdə, böyük bir evin damında məclis qurulardı, kababçıları gətirərdilər. Bir qara zurnaydı, bir dəmtutan, bir də nağaraçı.

Əvvəllər toya pul yazdırmaq yox idi

- Oxuyan olmurdu?

- Oxuyan olurdu, imkanlı adamlar aşıq gətirərdilər. Ayrı müğənni olmazdı. Aşıq da axşam oxuyardı. Axşama aş bişirərdilər.

- Bu artıq yaxşı vaxtların toyudur?

- Hə. Yaxşı vaxtlarda belə idi. Özü də yemək yeri ayrı olardı, oynamaq, çalmaq ayrı.

- Bəs toya nə qədər yazdırardılar?

- Toya pul yazdırmaq nə idi?! Sonralar çıxdı bu adət. Özü də siftə 3-5 manat yazılardılar.

- Ərşad müəllim, nə əcəb rayonda qalıb yaşamadınız?

- Əsgərlikdən sonra kənddə evləndim.

- Sevib evləndiniz?

- O vaxtı bir prinsip vardı. Namuslu olsun, həm də kasıb olsun. Çünki özüm kasıb idim. Atam deyərdi, ayağını yorğanına görə uzat, mən də atamın dediyinə əməl elədim, kəndin kasıb qızı ilə evləndim. Amma deməyəsən, təkcə özü yox, mənəviyyatı da kasıb oldu. İki kəlmə söz tapıb danışa bilmirdik. Bir qızımız oldu. Qız evlənəndən sonra ayrıldım, evi zadı verdim, bir dənə paltar götürdüm, çıxdım. Məni dəvət elədilər, gəldim Bakıya, “Azərbaycan gəncləri” qəzetində işlədim. Gördüm ki, kollektiv xoşuma gəlmir. Yazılarını oxuyurdum, mənə ləzzət edirdi, o qədər gözəl yazılar gedirdi. Amma gəldim, gördüm bunu yazan adamlar özləri keyfiyyətsizdir. Mürşüd Dadaşov adında biri vardı. O adam rayonlara gedəndə gərək ayağına maşın göndərəydilər, qayıdanda da dolu zənbillərlə yola salaydılar, cibinə çoxlu pul qoyaydılar. “Rəndə” adlı satirik səhifə buraxırdı. Kim pul vermirdisə, onu rəndələyirdi.

- Mədəni formada reketlik edirmiş.

- Hə. Belə şeyləri qəbul etmirdim. Bizim kəndimiz təmiz kənd olub. Ancaq cəddimizə arxayın olmuşuq, başqa şeyə yox.

- Sonra “Azərbaycan gəncləri” qəzetindən çıxıb, “Molodyoj Azerbaydjana” qəzetinə keçdiniz?

- Hə. Əvvəl yazım zəif idi. Yaxşı yaza bilmirdim. Redaktor birinci dəfə baxanda dedi orfoqrafik səhvlər çoxdur, amma Osman Mirzəyev bura gələndə səndən pis bilirdi, öyrənəcəksən.

- Yəqin rusca yazmaqdan söhbət gedir.

- Bəli. Mənə dedilər ki, bizə kəndi bilən adam lazımdır, məni işə götürdülər. Sonra xəstələndim. Ağır xəstəliyə tutuldum. 42 yaşımda birinci qrup əlil kimi pensiyaya çıxdım. İki il pensiyada qaldım. Sonradan “Molodyoj”a qayıtmaq istəmədim, “Bakinskiy raboçiy” qəzetinə getdim. Orda kollektiv bütünlükdə yəhudilərdən ibarət idi, bir il ştatdan kənar işlədim, qonorarla dolanırdım, bir il sonra məni ən çətin və məsuliyyətli şöbə olan Partiya həyatı şöbəsinə götürdülər. Orda da bir az püxtələşdim, sonra xahiş elədim ki, məni rayona göndərsinlər. Bakının havası mənə düşmürdü. Məni Lənkərana göndərdilər, 12 il də orada işlədim.

Kökümüzü axtarsaq, bizim qidamız çiydir

- Boşanandan sonra evlənmədiniz?

- Evləndim. Amma övladımız olmadı. O, övladı olmadığı üçün ərindən ayrılmışdı. Bunu mənə dedi, dedim eybi yox.

- Fikirləşmədiniz ki, övladınız olsun?

- Övlad haqqında mənim təsəvvürüm belədir ki, pis övladın olmağındansa, olmamağı yaxşıdır.

- Yoldaşınız vəfat edib?

- Üç il bundan qabaq vəfat elədi.

- Tək yaşayırsınız?

- Hə.

- Özünüz özünüzə yetirsiniz?

- Baxmaq nəyə deyirsən? Salat düzəltməyi bacarıram. Bişirmək yox, düşürmək yox.

- İsti yemək də yemirsiniz...

- Əsas qidalarım çiydir.

- Fikirləşirsiniz ki, əcdadlarımız kimi çiy qidalar yeməliyik?

- Əgər kökümüzü axtarsaq, bizim qidamız çiydir. Amerika alimi Pol Breqq də bunu yazıb.

- Tanıyıram. “Aclığın möcüzəsi” adlı məşhur kitabı da var. 95 yaşında sörfinq sürərkən...

- Hə, sörfinq sürərkən öldü. 150 il yaşamaq istəyirdi, mən də elə istəyirəm. Demək, o adam da bunu yazıb. Sonra mən axtardım, bunu Quranda da tapdım. Məni maraqlandırırdı ki, bizim əcdadımız nə yeyib? “Bəqərə” surəsinin 55-ci ayəsini oxudum. Gördüm Allah-taala Adəmə müraciət edir: “Ey Adəm, sən öz zövcənlə cənnətdə qalın və bu meyvələrdən istədiyiniz qədər yeyin, amma o meyvəyə, yəni buğdaya yaxın durmayın. Yaxın dursanız, özünüzə zülm edənlər olacaqsınız”. 56-cı ayədə isə yazılıb ki, Adəmlə Həvva buğda yedilər və cənnətdən qovuldular. Məni maraqlandırdı, görüm cənnətin tərifi varmı Quranda?

- Gördünüz ağacları altından çaylar axan yerdir.

- Bağdır. Deməli, Allah bizə əti məsləhət görməyib, buğdanı məsləhət görməyib, yəni çörək olmayıb. Sonra da mən ət və çörəyin ziyanını gördüm.

İstəsəm, bu dəqiqə evlənərəm

- Belə çıxır, Allah Adəm babamıza “buğda yemə” buyursa da, əməl etmədiyimiz üçün cənnətdən yer üzünə qovulub qadağa qoyduğu neməti yeməklə “mükafat”landırılmışıq?

- Bəşəriyyətin yanlış yoludur. Mən 32 ildir çörək, ət yemirəm, bəs mən necə yaşayıram? 32 ildir yağ yemirəm, necə yaşayıram? Çörəyin tərkibində vitamin yoxdur, təbii zülal yoxdur, ölü qidadır.

- Turşu da yemirsiniz?

- Yox.

- Mürəbbə də yemirsiniz.

- Yemirəm.

- Şəkər tozu.

- Şəkər tozu, duz insanın düşmənidir. Onun əvəzinə maqnezium sulfat yeyirəm.

- Pol Breqqin dediyi kimi ac da qalırsınız?

- Qabaq qalırdım. Pol Breq çox zilə çıxıb. Əvvəla çox hərəkət edirdi. 95 yaşında kişinin sörfinq sürməyini təqdir eləmirəm. 95 yaşında kişi 10 kilometr gəzməlidir, vəssalam, bəsidir.

- Pol Breqq istəsə, evlənə də bilərdi.

- Mən də bu dəqiqə evlənə bilərəm.

- İstəmirsiniz?

- Yox, istəmirəm. Çünki mən istəyən adam yoxdur. Mən istəyirəm cavan olsun, o da mənim kimi qocaya getməz. Düzdürmü? Mən istəyirəm mənim kimi qidalansın. O da deyəcək, yox, mən şokolad yemək istəyirəm. Ona görə də...

- Qəhvə necə, içirsiniz?

- Qəhvə içmirəm, bir çay qaşığı kakao içirəm. Südə qatıb içirəm.

- Onda siz bizim kimi yaşamırsınız.

- Qətiyyən. Sizin kimi yaşasaydım, çoxdan ölmüşdüm.

- Dediyiniz kimi, 150 il yaşamağı nəzərdə tutmusunuz?

- İstəyirəm, hər halda xaliq özü bilər.

- Sizcə bu bədənlə nə qədər yaşayarsınız?

- Bu bədəni bir az düzəldəcəm. Yoldaşım məni sarsıtdı. Pis vəziyyətə düşdüm. Hər gün ağlayırdım. Deyirdim ki, sən bacılarının yolu ilə getmə. Ət, xəmir xörəkləri yemə.

- Nə əcəb sizin yolunuzla getmirdi?

- Qubada yaşayanda gedirdi. Ona görə də 5 xəstəlikdən azad oldu.

Mənim yerimə kim olsaydı, deyərdi, 60 il yaşamışam, bəsimdir

- Sizi belə uzunömürlü edən həyat tərzinizdir, yoxsa taleyinizdir?

- Taleyimin rolu ondan ibarətdir ki, bu yolu mənə göstərdi. Bir kitab təsadüfən gəlib əlimə düşdü. Oxudum və bu yolu tapdım. Tale budur. Mənim kitablarımı milyon adam oxuyub. Türkcəyə, farscaya tərcümə ediblər, özü də mənim icazəm olmadan.

- Yəqin heç biri üçün də qonorar verilməyib.

- Heç birindən. Mən ümumiyyətlə pulgir deyiləm.

Bu vaxt şirkətin prezidenti içəri girib bizimlə maraqlanır və saata işarə edib nəzakətlə Ərşad müəllimin yemək vaxtının keçdiyini deyir. Söhbəti yekunlaşdırmaqda olduğumu öyrənəndən sonra isə bizi həmsöhbətimizlə təkbətək buraxır.

- Hə, indi siz deyirsiniz ki, taleyin işidir.

- Taleyim məni bu yola caladı. Amma burada iradə və ağıl lazımdır. Mənim yerimə kim olsaydı, deyərdi ki, 60 il yaşamışam, bəsimdir, özü də bu zülmlə yaşamışam.

- Belə pis çıxmasın, ölmək istəmirsiniz.

- Niyə ölmək istəyim? Niyə yaşamayım? Hüceyrələri mən yaxşı qidalandıracam, onlar da öz işlərini görəcəklər.

- Sizdən əvvəl 88 yaşlı bir şairdən müsahibə götürmüşdüm. O deyirdi ki, 10 il əvvələ kimi siqaret çəkib, ömür boyu da içki məclislərində olub.

- Onları eləməsəydi 200 il yaşayardı. Mən hələ 30 il də xəstə olmuşam.

- İçki içirdiniz?

- İçki? Bizim kənddə içmirdilər. Mən də elə onların yolu ilə gedirdim. Amma hərdən toyda, məclisdə azca içmişəm.

- Siqaret də çəkməmisiniz?

- Çəkməmişəm.

- Sizin yaşda çox adamdan müsahibə götürmüşəm. Əksəriyyətində yaddaş gedib.

- Mənim yaddaşım 60 yaşlı Ərşadın yaddaşından min qat yaxşıdır. Mənim görmə qabiliyyətim, o Ərşadın görmə qabiliyyətin min qat əladır. Mən 60 yaşa qədər eynəksiz nə yaza, nə oxuya bilirdim. İndi eynəksiz də yazıram. Özü də bütün əsərlərimi kompüterdə yazıram.

Sağalandan sonra qızım və ailəsini qəbul etmədim

- Özü də əvvəlki müsahiblərimin çoxu Sovet dövründən nostalgiya ilə danışıblar.

- Mən Sovet dövrünə dərin nifrət bəsləyirəm, düzdür, amma oradan bəzi şeyləri götürmək lazım idi. Təhsil, səhiyyə sistemlərini Sovet dövründə olduğu kimi saxlamaq lazım idi. Amma insana münasibət çox pis idi.

- Qızınızın taleyi necə oldu?

- Qızım ərə gedib, iki oğlu var. Mən ki, 30 il xəstə oldum, mənə yaxın düşmədilər. Ona görə mən də sağalandan sonra onlara yaxın düşmədim.

- Ərşad müəllim, mənə elə gəlir ki, siz ananızın o qaradaban sözünü beyninizdə həmişə travma kimi gəzdirmisiniz.

- Hə, elədir, o hiss məndə var. Amma birdən də düşünürəm ki, yaxşı, Seyidlər kəndinə mən o bədbəxtliyi gətirdim. Bəs filan kəndə, Naxçıvana, Ordubada, Lənkərana bu bədbəxtliyi kim gətirdi? Mən gətirdim? Ona görə də, mən bunu anamın yanlış fikri kimi qəbul edirəm.

- Özünüzü xoşbəxt hesab edirsiniz?

- Mənim əsərlərimin hansını oxusan, görəcəksən ki, orda yazılıb: Sağlamlıq və xoşbəxtlik yolu, xəstəlik və bədbəxtlik yolu. Mən hesab edirəm ki, xəstə adam bədbəxtdir, sağlam adam xoşbəxt.

- Və siz özünüzü sağlam hesab edirsiniz.

- Sağlam hesab edirəm. Bu dəqiqə çalışıram ki, 10 il bundan qabaq olan sağlamlığımı qaytaram.

- Adətən bu yaşda adamlarda belə ovqat olur ki, ömrün sonudur, 5-6 il qalıb. Siz eyni ovqatda deyilsiniz.

- Allahdan xahiş eləmişəm ki, mənə 150 il ömür versin. Verəcək, verməyəcək, özü bilər. Amma mən bu istiqamətdə işləyirəm.

...sonra Ərşad müəllimlə mənə kitablarından vermək üçün iş masasının olduğu yerə gedirik. Yeni iş yerində artıq öz guşəsini qurub, monitorun qabağındakı stəkanda qırmızımtıl meyvə şirəsi də durur. Deyəsən, müsahibədəykən gətirib qoyublar. Mənə əl altında olan kitablarından verir və biz təzədən otağa qayıdanda görürəm masanın üstündə artıq Ərşad müəllimin nahar yeməyi onu gözləyir: Bayaq dediyi kimi bir boşqab salat... Bir də 92 yaşlı qocanın sabaha olan bir dünya ümidi. Bəs necə?.. Axı hələ qabaqda onu 150-yə çatmaq üçün yarım əsrdən ziyadə ömür gözləyir...

Foto - Rüfət Mustafayev ©️ APA GROUP


Oxunub: 3 597
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 10:53 | Pensiyalarla bağlı rəsmi məlumat
    Dünən, 10:50 | Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə
    Dünən, 10:47 | RUSİYADA MİQRANTLAR BAĞLI YENİ TƏLƏBLƏR... - Şərtlər ağırlaşdırılır
    16-07-2026, 16:30 | Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    16-07-2026, 16:28 | Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
    16-07-2026, 16:19 | Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...
    16-07-2026, 16:17 | m10 ilə 140-dan çox ölkəyə anında beynəlxalq pul köçürmələri...
    16-07-2026, 01:03 | Argentina DÇ-2026-nn finalında
    15-07-2026, 18:53 | Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı addım - "Təcili" statusu əlavə edildi
    15-07-2026, 18:38 | Lətifə belə dincəlir
    15-07-2026, 18:36 | İcra başçısı onu özünə müavin təyin etdi
    15-07-2026, 18:24 | Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - TƏBİB
    15-07-2026, 17:55 | Yanlış hesaba köçürülən pulu necə geri almaq olar? – Hüquqşünas AÇIQLADI
    15-07-2026, 17:47 | “Erməni soyqırımı”: 32 aylıq məhkəmə və 1921-ci il qərarı
    15-07-2026, 17:43 | DÇ finalında fasilə 25 dəqiqə olacaq - Səbəb
    15-07-2026, 17:38 | Samuxda kütləvi zəhərlənmə...
    15-07-2026, 17:34 | Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?
    15-07-2026, 17:31 | Rusiya XİN: Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək
    15-07-2026, 16:32 | Ukrayna 116 gəmi vurdu - Rusiya ixracı iflic oldu
    15-07-2026, 16:31 | Hava xəbərdarlığı: intensiv yağış, dolu...
    15-07-2026, 16:28 | Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu
    15-07-2026, 16:26 | Prezident 1 sərəncam, 4 fərman imzaladı
    15-07-2026, 10:17 | İspaniyanı finala aparan qələbə - Video
    15-07-2026, 10:14 | Azərbaycan XİN Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib
    15-07-2026, 10:12 | Əkrəm Həsənov: “İstehsal Azərbaycanda aşağı səviyyədədir, çünki sahibkarlıq üçün normal investisiya şəraiti yoxdur”
    15-07-2026, 10:10 | Neft bahalaşdı
    15-07-2026, 08:54 | ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı - YENİLƏNDİ
    15-07-2026, 08:25 | Gündə nə qədər şokolad yemək olar?
    15-07-2026, 08:23 | ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb - ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yaydı
    15-07-2026, 08:21 | Astroloqdan iddia: Bu tarixdə Putin hakimiyyəti sona çatacaq
    15-07-2026, 08:19 | Azərbaycanlıların da olduğu vurulan gəmidən görüntülər - Video
    14-07-2026, 15:41 | Ağdərədə qəzada ər-arvad həyatını itirdi
    14-07-2026, 15:36 | Kərəcdə məhbuslar aclıq aksiyası keçirirlər
    14-07-2026, 15:33 | Abşeronda mühüm tədbir keçirildi - Foto
    14-07-2026, 15:24 | Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
    13-07-2026, 11:22 | Bakıda I sinfə qəbul üçün 37 mindən çox müraciət qeydə alınıb
    13-07-2026, 11:20 | Tarixi abidələrlə bağlı YENİ QƏRAR imzalandı
    13-07-2026, 11:18 | Gömrük Məcəlləsində dəyişiklik - Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılacaq
    13-07-2026, 10:26 | Azərbaycan Prezidenti: Avropa Komissiyası ilə münasibətlərdən çox razıyıq
    13-07-2026, 10:24 | Pensiya alanlara ŞAD XƏBƏR
    13-07-2026, 10:20 | Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
    13-07-2026, 10:18 | AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
    12-07-2026, 23:05 | Tovuz döyüşləri: 6 il əvvəl baş verənlər - VİDEO
    12-07-2026, 22:46 | IV Şuşa Qlobal Media Forumu iştirakçıları Qarabağ küçəsi ilə tanış olublar
    12-07-2026, 22:02 | Magistral boru partladı, 6 kənd susuz qaldı
    12-07-2026, 21:29 | Krımda dəhşət yaşanır - benzinin litri...
    12-07-2026, 21:21 | 38 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürdü
    12-07-2026, 21:19 | İran ABŞ-a məxsus qanadlı raketi vurdu
    12-07-2026, 21:16 | Çexiyada faciə: Motoyarış zamanı iki idmançı öldü
    12-07-2026, 21:14 | Müşfiqabadda açıq sahədə yanğın baş verdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.