Elçin Qasımov: "Qazaxda təşkil olunan idman paradı əvvəlkilərdən daha fərqli və yaddaqalan oldu"
Qazaxda təşkil olunan idman paradı əvvəlkilərdən daha fərqli və yaddaqalan olub. "Report"un Qazaxa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin sektor müdiri Elçin Qasımov "İdman paytaxtı - 2026"nın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər il olduğu kimi, bu il də silsilə tədbirlər təşkil olunub, idman həftəsi martın 2-də başlayıb və 8-dək davam edəcək: "Bu müddət ərzində 20-dən artıq müxtəlif idman tədbirinin keçirilməsi nəzərdə tutulub. Bu gün isə həm Bədən Tərbiyəsi və İdman Gününü qeyd edirik, həm də 2026-cı il üçün seçilmiş "İdman Paytaxtı"nın rəsmi açılış mərasimi baş tutdu. Açılış mərasimi yüksək səviyyədə və təntənəli şəkildə təşkil olundu. Düşünürəm ki, builki idman yürüşü əvvəlkilərdən daha fərqli və yaddaqalan oldu". Elçin Qasımov əlavə edib ki, "İdman Paytaxtı" seçilən şəhərdə il ərzində müxtəlif yerli və beynəlxalq yarışlar təşkil olunur: "Martın 9-dan növbəti yarışlara start veriləcək və ilin sonunadək idman tədbirləri mütəmadi davam edəcək".





















