Ronaldo bu tanınmış klubun bir hissəsinə sahib oldu
Portuqaliyalı hücumçu Kristiano Ronaldo İspaniya çempionatının ikinci divizionunda çıxış edən "Almeriya" futbol klubunun 25% səhmlərinin sahibinə çevrilib. Mediaxeberleri.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə Ronaldo özü danışıb. “Uzun illərdir ki, futbol sahəsində yalnız meydanda deyil, eyni zamanda ümumilikdə futbola töhfə verməyi arzulamışam. "Almeriya" möhkəm əsaslara malik, inkişaf potensialı açıq-aşkar olan İspaniya klubudur. Mən klubun rəhbərliyi ilə birlikdə işləyərək onun növbəti inkişaf mərhələsini dəstəkləməyi səbirsizliklə gözləyirəm”, - Ronaldo vurğulayıb. Ronaldo hazırda 41 yaşındadır, beş dəfə Çempionlar Liqasının qalibi, Avropa çempionu, iki dəfə Millətlər Liqasının qalibi, milli komandaların, Avropa çempionatlarının, Çempionlar Liqasının və klub üzrə dünya çempionatlarının tarixində ən yaxşı bombardirdir. Portuqaliyalı futbolçu beş dəfə “Qızıl Top” mükafatına layiq görülüb. 2022-ci ilin dekabrında Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçib. Karyerası ərzində o, həmçinin Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Yuventus" və İspaniyanın "Real" klublarında çıxış edib.





















