“Bakı Metropoliteni”ndə təcili tibbi yardım xidməti niyə yoxdur? – RƏSMİ AÇIQLAMA
Son günlər “Bakı Metropoliteni” QSC qatarlarda tez-tez yaranan texniki nasazlıqlarla gündəmə gəlib. Belə ki, 19 fevral “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq, eyni gündə “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə səbəbindən sərnişinlər düşrülüb. 24 fevral isə “İçərişəhər” stansiyasında yenə də yaranan texniki nasazlıq səbəbindən qatar tuneldə qalıb. Bütün bunların fonunda gündəmə gətirilən əsas məsələ metro stansiyalarında vəziyyəti pisləşən sərnişinlər üçün tibbi xidmətin olmamasıdır. Mediaxeberleri.Az-ın əməkdaşı vəziyyəti yerində araşdırıb. Metro nəzarətçiləri də tibbi xidmətin olmadığını təsdiqləyiblər. Onlar bildiriblər ki, hadisə anında "103" qaynar xəttinə zəng edilir və təcili yardım çağırılır. Şəhərin tıxacında təcili yardım maşınlarının metro stansiyalarına çatma vaxtını nəzərə alsaq, bu, yer altında çarəsiz qalan, halı qəfil pisləşən vətəndaşların həyatının riskə atılması deməkdir. Belə çıxır ki, kənardan ilkin tibbi yardım göstərilməsə, onlar “Allahın ümidinə” qalırlar. Məsələ ilə bağlı Pravda.az “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb. Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, “Bakı Metropoliteni” QSC-nin TƏBİB, xüsusilə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidməti ilə birgə operativ və sürətli əlaqələri var: “Bakı Metropolitenində sərnişinin səhhətində problem yarandıqda və yaxud hər hansı bir hadisə baş verdikdə, ən yaxın tibbi yardım briqadası dərhal hadisə yerinə yönləndirilir. Metropoliten əməkdaşlarının halı pisləşən vətəndaşa yaxınlaşaraq tibbi yardım göstərmək səlahiyyəti yoxdur, onlar tərəfindən, sadəcə, ilk yardım göstərilə bilər. Əlavə olaraq qeyd edilməlidir ki, sərnişinlərə ilk yardım göstərilməsi üçün stansiya əməkdaşlarına müvafiq təlim keçirilib. Bakı metropoliteni sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat müəssisəsidir, tibb məntəqəsini açmaq, onun fəaliyyətini təşkil etmək və tənzimləmək kimi səlahiyyəti yoxdur”.





















