Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
Tədbir başlamazdan əvvəl Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə söz alan Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov və Qazax Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Xəzər Gəncəli çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətməsindən söz açıblar. Vurğulanıb ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, hərbi cinayətkarlar layiqli cəzalarını almalıdırlar və ölkə rəhbərliyinin bugünə qədər bu istiqamətdə yürütdüyü uğurlu siyasətin nəticələrindən bəhs olunub. Daha sonra Azərbaycan şairlərinin Xocalı faciəsinə hərs etdikləri şeirlərdən ibarət “Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib. Müxtəlif yaş qruplarından olan tamaşaçılar tərəfindən maraqla izlənən ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb. Səhnə əsərinin ssenari müəllifi Qazax Dövlət Dram Teatrının əməkdaşı Hikmət Orhun, quruluşçu rejissoru, Əməkdar artist Xəzər Gəncəlidir. Rolları Əməkdar artist Hacı Hacıyev, Minayə İbrahimova və Məlahət Vəliyeva ifa ediblər.
Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin də dəstəyi ilə nümayiş olunan səhnə əsərindən öncə tədbir iştirakçıları tərəfindən Qazax şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, "Əbədi məşəl" kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb və Qazax Rayon Mədəniyyət Mərkəzində Xocalı qurbanlarının xatirəsinə təşkil olunmuş sərgiyə baxış keçirilib. 































