Tanınmış futbolçumuzun Azərbaycandan çıxışına "stop" qoyuldu
Tanınmış futbolçu, "Turan Tovuz" komandasının formasını geyinən Rəhim Sadıxovun ölkədən çıxışı məhdudlaşdırılıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Gəncə Kommersiya Məhkəməsinin hakimi Əbülfəz Məmmədli qətnamə çıxarıb. İş matertiallarından məlum olur ki, Rəhim Sadıxovun dövlət büdcəsinə borcu var. Borc vaxtında ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edib. Qurum ərizəsində borc ödənilənədək Rəhim Sadıxovun ölkədən çıxışının məhdudlaşıdırılmasını istəyib. Məhkəmə də idarənin ərizəsini təmin edib. Qeyd edək ki, Rəhim Sadıxov 18 iyul 1996-cı ildə Rusiyanın paytaxtı Moskvada anadan olub. O, Rusiyada "Solyaris Moskva" və "Torpedo Moskva" klublarında oynayıb. 2019-cu ildə Azərbaycana gəlib və "Sumqayıt" klubuna keçib. Sonrakı illərdə "Zirə"də və yenidən "Sumqayıt"da oynayıb, 2025-ci ildə "Turan Tovuz"a keçib. O, cari mövsümdə Tovuz klubunun heyətində 23 oyuna çıxıb və bir qol vurub. 29 yaşlı yarımmüdafiəçi 2012-ci ildə Azərbaycanın U-17, 2013-cü ildə U-19 millilərinə cəlb olunub. 2020-ci ildə dəvət almağa başladığı A milli komandamızda 9 oyuna çıxıb.





















