Qazaxda Nəriman Həsənzadənin 95 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib
Mediaxeberleri.Az xəbər verir ki, tədbir kollecin direktoru vəzifəsini müvəqqəti icra edən Vüqar Əyyubovun təşəbbüsü ilə təşkil edilmişdir. Yubiley tədbirinin açılış nitqini Vüqar Əyyubov edərək, Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatındakı müstəsna xidmətlərindən, zəngin yaradıcılıq yolundan və milli-mənəvi dəyərlərimizin təbliğindəki rolundan bəhs etmişdir. Daha sonra Xalq şairinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Videoçarx iştirakçılar tərəfindən böyük maraq və ehtiramla qarşılanmışdır. Tədbirdə Qazax Xeyriyyə İctimai Birliyinin üzvü, şair Rəfael İncəyurd çıxış edərək Nəriman Həsənzadənin poeziyasının dərin mənəvi qatlarından, onun söz sənətindəki özünəməxsus üslubundan danışmışdır. Ardınca Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin ədəbi məsləhətçisi Mustafa Rasim oğlu çıxış edərək yubilyarın ədəbi irsinin Azərbaycan poeziyasında xüsusi yer tutduğunu vurğulamışdır. Tələbə Gənclər Təşkilatının sədri Turxan Əliyev də çıxışında Nəriman Həsənzadənin yaradıcılığının gənc nəsil üçün mənəvi məktəb olduğunu qeyd etmiş, onun şeirlərinin bu gün də aktuallığını qoruduğunu bildirmişdir. Tədbirin bədii hissəsində Qazaxlı aşıq Samir Cəlaloğlu çıxış edərək ifaları ilə iştirakçılara xoş anlar yaşatmışdır. Daha sonra kollecin fəal tələbələri Nəriman Həsənzadənin şeirlərindən nümunələr səsləndirmiş, şairin poeziyasının duyğusal zənginliyini bir daha nümayiş etdirmişlər. Qeyd olunmuşdur ki, 18 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Nəriman Həsənzadə Heydər Əliyev ordeni ilə təltif edilmişdir. Tədbir iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezidentə dərin minnətdarlıqlarını ifadə etmişlər. Tədbirin sonunda Nəriman Həsənzadə video müraciət vasitəsilə yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirmiş, səmimi və xoş sözlərini çatdırmışdır. Beləliklə, Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirilən yubiley tədbiri yüksək səviyyədə təşkil olunaraq, ədəbiyyatımıza və milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və ehtiramın bariz nümunəsinə çevrilmişdir.
Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kolleci və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin 95 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.






























