“Azərbaycan ədaləti bərpa edir” - RƏY
“Bu gün dəyərlərin aşınması, etik çərçivələrdən kənara çıxılması kimi mənfi tendensiyaların şahidiyik. Bu kimi əməllər normalaşdırılır və bu azmış kimi insanlıq əleyhinə açıq-aşkar cinayətlər törədilir. Bu istiqamətdə günahkar insanlar cəzasız qalır, bütövlükdə bəşəriyyətə, onun inkişafına zərər verən, maneə törədən qüvvələr qanunun aliliyindən yayınırlar. Şübhəsiz ki, belə tendensiyalar fonunda dövləti idarə etmək, dövlətçiliyi qorumaq, onun legitimliyini təmin etmək heç də asan məsələ deyil. Buna əlavə olaraq dövlət başçısının verdiyi sözə əməl etməsi, illərlə siyasətini məhz bu vəd üzərində qurması da nadir rast gəlinən təcrübələrdən biridir. Qürurverici məqamdır ki, Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev hələ müharibədən çox əvvəl Azərbaycan xalqına vəd verdi ki, ərazi bütövlüyü və suverenliyimizi bərpa edəcək. Eyni zamanda Xocalı soyqırımını, Azərbaycan xalqına qarşı digər cinayətlər törədən şəxsləri mütləq ədalət qarşısında cavab verməyə məcbur edəcək. Onların layiqli cəzalarını alması üçün var gücü ilə çalışacaq və beləliklə də, günahsız azərbaycanlıların qanını yerdə qoymayacaq. Reallıq göstərdi ki, bu vədlər praktikada öz nəticəsinə hasil oldu”. Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat bildirib ki, bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə olmaqla yanaşı, həm də xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısında cavab verməsinə nail olur: “Beləliklə də, ədaləti bərpa edir. Bu, tərs gedən dəyərlər sisteminin düzləşdirilməsi, düzgün siyasətin necə yürüdülməli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yolda qəti iradə və prinsipiallıq nümayiş etdirdi. Azərbaycan xalqı qarşısında verdiyi sözə hər zaman olduğu kimi sadiq qaldı. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan cəmiyyəti etik dəyərlər baxımından, dövlətimiz isə dövlət aparatının möhkəmliyi və sütunlarının sarsılmazlığı baxımından dünyaya nümunədir”. 






















