DİQQƏT: Artıq aliment birbaşa anaya verilməyəcək, bu cür ödəniləcək...
“Alimentin birbaşa anaya deyil, uşağın adına açılan bank hesabına köçürülməsi məsələsi qanunvericilikdə müəyyən hallarda mümkündür”. Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri vəkil Toğrul Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib. “Məhkəmə qətnamələrində alimentin iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulur. İddiaçı isə adətən uşağın yanında qalan valideyn olur. Əksər hallarda uşaqlar ananın himayəsində saxlanıldığı üçün aliment atadan tutularaq ananın xeyrinə ödənilir. Lakin uşağın atanın yanında qalması halında aliment anaya deyil, ataya ödənilə bilər”. Vəkilin sözlərinə görə, əsas prinsip ondan ibarətdir ki, uşaq kimin yanındadırsa, digər valideyn aliment ödəməlidir və bu, məhkəmə qətnaməsində də açıq şəkildə göstərilir. Toğrul Məmmədov qeyd edib ki, Ailə Məcəlləsində alimentin müəyyən hissəsinin uşağın adına açılan hesaba köçürülməsi imkanı da nəzərdə tutulub: “Qanunvericiliyə əsasən, alimentin 50 faizədək hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmək olar. Bu, adətən yüksək məbləğdə aliment ödənilən hallarda tətbiq edilir. Kiçik məbləğli alimentlərdə isə bu cür iddialar çox zaman təmin olunmur”. Vəkil nümunə olaraq bildirib ki, əgər valideyn yüksək gəlirə malikdirsə və aylıq 1500–2000 manat aliment ödəyirsə, o zaman məhkəməyə müraciət edərək yaşayış minimumu və uşağın gündəlik xərcləri nəzərə alınmaqla müəyyən hissənin anaya ödənilməsini, qalan 50 faizinin isə uşağın adına açılan hesaba köçürülməsini tələb edə bilər. “Bu vəsait uşağın 18 yaşına çatdıqdan sonra istifadə etməsi üçün nəzərdə tutulur”.





















