Hövsan kəndinin BAXIMSIZ KÜÇƏLƏRİ: "Şikayət etsək də, problem tam həllini tapmır" - VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi, Kamal Qasımov küçəsində (köhnə Baxça küçəsi) yol infrastrukturu uzun müddətdir ki, yararsız vəziyyətdədir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb. Sakinlərin sözlərinə görə, küçədə nəqliyyat vasitələrinin və piyadaların gediş-gəlişi xeyli çətinləşib. "Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etsək də, problem tam həllini tapmır. Hövsan bələdiyyəsi bir müddət əvvəl yolu qismən abadlaşdırılıb. Lakin yağıntılı havalardan sonra küçə yenidən keçilməz vəziyyətə düşüb. Yolda olan çala-çuxurlar gündəlik həyatımızda ciddi çətinliklər yaradır, avtomobillərə ziyan dəyir", - deyə şikayətdə bildirilir. Oxu.Az-ın sorğusuna cavab olaraq Suraxanı Rayonu İcra Hakimiyyətindən bildirilib ki, rayon ərazisində asfaltlanmasına ehtiyacı olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında tərəfimizdən aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktublar ünvanlanıb: "Mərhələli şəkildə yolların asfaltlanması həyata keçiriləcək". Əzizə İsmayılova





















