Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
Vətən, yurd, torpaq, el-oba uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımız minlərlədir. Onlar təkcə verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamadılar, onlar həm də öz əməlləri ilə hər kəsə örnək və nümunə oldular. Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunması, şəhidlərini, Milli Qəhrəmanlarını tanıyaraq böyüməsi isə biz vətəndaşların çiyinlərinə böyük yük qoyur. Bu gün Vətənini sevən hər bir azərbaycanlı şəhidlərinə, onların ailə üzvlərinə, doğmalarına, yaxınlarına hörmətlə yanaşmalı, şəhidlərimizi gələcək nəsillərə tanıtmalıdır. Vətənin müdafiəsi uğrunda canından keçən qəhrəmanlarımızı, igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətən yolunda Şəhidlik zirvəsinə ucalan igid, mərd oğulları yad etmək, onların xatirələrini əziz tutmaq, adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman yüksək səviyyədə olub. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər döyüşlərdə Qazaxın igid, mərd oğulları döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazdırıblar. Ən əsası da göstərdikləri şücaətlə bir daha sübut ediblər ki, vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə hər zaman olub və bu, bundan sonra da belə olacaq. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 348 nəfər şəhid verib. 7 nəfər igid Vətən oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Neçə-neçə igid Vətən oğlu torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirərək qazi adını alıb. Birinci Qarabağ müharibəsi zamanı mənfur düşmən gülləsindən şəhid olan sakinlərimizdən biri də Bala Cəfərli kənd sakini Mustafayeva Hürnisə Hüseyn qızıdır. Hürnisə Mustafayeva 1928-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 1935-ci ildə Cəfərli kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 1942-ci ildə həmin məktəbin 7-ci sinfini bitirmişdir. Pravda kolxozunda və Qazax Tinglik sovxozunda fəhlə işləmişdir. 25.12.1993-cü ildə öz həyətinin kənarından mal-qarasını gətirərkən ermənilər tərəfindən avtomat silahla vurulmuşdur. Ailəli idi. Yanvarın 22-də şəhidimizin övladı Mustafayev Əli Abbas oğlu dünyasını dəyişib. Mərhum 01.01.1955-ci ildə Bala Cəfərli kəndində anadan olmuşdu. Ailəli idi, 2 övladı var. Yanvarın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid övladının evində olub, hüzr mərasimində iştirak edərək yaxınlarına başsağlığı verib. İcra başçısı Rəcəb Babaşov mərhum Əli Mustafayevin vəfatından kədərləndiyini bildirib, mərhumun övladlarına, yaxınlarına dərin hüznlə başsağlığı verib. İcra başçısı illər ötsə də Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, eləcə də digər döyüşlər zamanı şirin canlarından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə olan sonsuz ehtiramın heç zaman dəyişməyəcəyini, əksinə daha da artacağını söyləyib. “Bu gün özümə borc bildim ki, şəhidimizin övladının hüzr mərasimində iştirak edim”, - deyən icra başçısı şəhidlərimizlə yanaşı, onların ata və analarının, övladlarının da bizlər üçün doğma olduqlarını vurğulayıb.





















