"VSYO, QOYUN MAŞINA!" - Sumqayıtda sahibkarlara qarşı özbaşınalığın arxasında kim durur? + VİDEO
Mediaxeberleri.Az xəbər verir ki, görüntülər haqlı etiraza və müxakirələrə səbəb olub. Videodan göründüyü kimi, guya piyadaların qeydinə qalan şəxs sahibkarın səkiyə düzdüyü meyvələri əlindən alaraq, maşına yüklədir və onu tənbeh edir. Malları da şəxsən vətəndaşın özünə yüklədərək, bir növ onu aşağılayır və özünü “kəndxuda” kimi aparır. Bu cür hallar birinci dəfə deyil baş verir və müvafiq orqanların özbaşınalığı zatən çətin günlərini yaşayan kiçik sahibkarları daha da sıxışdırmağa xidmət edir. Ən əsası isə kiminsə mallarını bu cür “müdsadirə etməyə” qanunla heç bir orqanın ixtiyarı yoxdur. Doğrudur, sonradan Sumqayıt İcra Hakimiyyəti məlumat yayaraq, həmin sahibkarın mallarının müsadirə edilmədiyini və küçə ticarəti üçün ayrıca yarmarka yaradıldığını bildirib. Lakin istənilən halda, videodakı fakt faktlığında qalır və bu, ümumilikdə müvafiq orqanların vətəndaşa, sahibkara qarşı yaramaz münasibətinin bariz nümunəsidir. İqtisadçı Natiq Cəfərli də bu hadisə ilə bağlı paylaşım edib və bunun tam özbaşınalıq kimi dəyərləndirib: “"Vsyo, qoyun maşına" - bunu deyən məmur kimdir, bilmirəm, amma Azərbaycanın düşməni, iqtisadiyyatın qatili, qanunsuzluğun simvoludur. Güya, səkidən keçən vətəndaş qədrinimi bilir - ay-hay, yaxşı, bu məmur nə haqla sahibkarın malını müsadirə edir? Hansı qanunla, rəsmi qərarla? Mağazanın qarşısına mal çıxartmaq olmaz - tamam, qərar göstər, kağız təqdim elə, o məzlum, susqun sahibkarın əlindən malını niyə alırsan, alıb hara aparırsan? Yaxşı, burda malı mağazanın qarşısına çıxartmaq olmazsa, niyə şəhərin 1000 yerində olar? Hansı qanun bunu tənzimləyir, bu məmləkətdə yazılmış, hamının bildiyi, hamının əməl etdiyi qaydalar nə zaman olacaq?! Yazılmış qaydalara hardan baxmaq olar?! Yoxsa, məmur özünü qanun, məhkəmə, hakim sayır?! Belə yanaşma, bu kafada olan məmurlar iqtisadiyyatı boğur - anlamırsız bunu?!” C.Məmmədli “AzPolitika.info”
Mediada və sosial şəbəkələrdə Sumqayıtda bir sahibkarın mallarının özünü İcra hakimiyyətinin nümayəndəsi kimi təqdim edən şəxs tərəfindən necə “müsadirə olunduğuna” dair video yayımlanıb.





















