İcra başçısı bu gün daha bir qrup vətəndaşı fərdi qəbul edib
Bu gün dünya dövlətləri arasında böyük söz sahibinə çevrilmiş müstəqil, suveren ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss edilir. Ən əsası isə bu, hər bir dövlət məmuruna nümunə olmalıdır. Dövlət başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır. Dekabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən, eləcə də rayonun Barxudarlı, Yuxarı Salahlı, Daş Salahlı kəndlərindən müraciət etmiş 4 nəfər vətəndaşı istəklərinə əsasən fərdi qəbul edib, müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.





















