Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Pirili kəndində növbəti dəfə vətəndaşların səyyar qəbulunu keçirib. Kənd Folklor klubunun binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda mütəmadi olaraq keçirilən vətəndaşların səyyar qəbulları, yerlərdə sakinləri maraqlandıran və narahat edən məsələləri dərindən araşdıraraq operativ həllinə nail olmağa, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, hər bir şəxs yaşadığı ünvanı tərk etmədən mobil cihazları ilə vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına da daxil olmaqla Ağstafa Rayon İcra Hakimiyyətinə istənilən məzmunlu müraciətini ünvanlaya bilər.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələnin həlli tədbirləri müəyyən edilib və aidiyyəti üzrə məsul şəxslərə müvafiq göstərişlər verilib.