Prezidentin "Milli Qəhrəman" adı ilə təltif etdiyi Pəncəli Teymurov kimdir?
Bu gün Prezident İlham Əliyev tərəfindən "Milli Qəhrəman" adı ilə təltif olunan Pəncəli Nurməmməd oğlu Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub. Mediaxeberleri.Az xatırladır ki, gizir Pəncəli Teymurov xüsusi təyinatlı, erməni hərbçilərini lərzəyə gətirən hərbçi kimi xarakterizə olunur. Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-98-ci illərdə Astara rayonu, Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub.





















