Sürücülər üçün ölüm təhlükəsi: "Addımbaşı toqquşma olur"
Sakinlər Ağstafanı iki hissəyə bölən və 17 kəndi rayon mərkəzi ilə birləşdirən körpünün qəzalı vəziyyətdə olmasından şikayətçidirlər. Onların sözlərinə görə, alternativ yolun da yararsız olması sürücüləri təhlükə ilə üz-üzə qoyur. "Üç aydır ki, yolu bağlayıblar. Burada tez-tez toqquşmalar olur. Yolu dönəndə hər dəfə ürəyim ağzıma gəlir", - sürücülərdən biri söyləyib. Başqa bir sürücü isə belə deyib: "Körpüdə təmir getmir. Neçə dəfə bu ərazidə qəza törətmişəm. Yollar bərbad vəziyyətdədir". Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, 1961-ci ildə inşa olunan yol ötürücü Ağstafa rayonu ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 462-ci kilometrində, dəmir yolu xətti üzərində yerləşir: "Yol ötürücünün qəzalı vəziyyətdə olması ilə əlaqədar müraciətlər əsasında sözügedən məsələyə aidiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi məqsədilə Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Aidiyyəti qurumların, həmçinin Fövqəladə Hallar Nazirliyinin yol ötürücünün texniki cəhətdən qəzalı vəziyyətdə olduğu barədə rəyi və paralelində alternativ yol ötürücünün mövcudluğunu nəzərə alaraq Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən qəzalı vəziyyətdə olan yol ötürücündə nəqliyyat hərəkətinin qadağan edilməsi barədə qərar qəbul edilib. Qəzalı körpünün bərpası ilə bağlı hazırda hər hansı qərar yoxdur". Daha ətraflı Baku TV-nin videomaterialında: