İcra başçısı vətəndaşları müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib
Bu gün ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının, ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında vətəndaş amili dayanır. Qazax rayonunda da vətəndaş amili hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunun bariz nümunəsidir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və şifahi müraciətlərinə əsasən keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir. Sentyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub. İcra başçısı Rəcəb Babaşov Qazax şəhəri və Sofulu kəndindən ərizə ilə müraciət etmiş 6 nəfər vətəndaşı fərdi şəkildə qəbul edib. Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.