XANKƏNDİDƏ QALAN QULDURBAŞILAR – Qandallanmaq növbəsi kimlərindir?
Kremlin Qarabağdakı emissarı, qondarma qurumun sabiq “dövlət naziri” Ruben Vardanyanın həbsi göstərdi ki, Azərbaycan onun ərazi bütövlüyünə qəsd edən, dövlətimizə qarşı ağır cinayətlər törərmiş şəxsləri cəzasız qoymaq niyətində deyil. Məlum olduğu kimi, bir müddət əvvəl Ermənistanın “Hraparak” qəzeti Azərbaycanın Qarabağ ermənilərinin təmsilçilərinə siyahı təqdim etdiyini və həmin siyahıdakıların təslim edilməsini tələb etdiyini yazmışdı. Ermənilərin artıq “qara siyahı” adlandırdığı həmin siyahıda ölkəmizə qarşı hərbi cinayətlər törətmiş separatçıların, terrorçuların adları olduğu bildirilir. Son məlumatlara görə, bu gün separatçıların sabiq “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan və “təhlükəsilik şurası”nın keçmiş “katibi” Arşavir Qaramyan və DTX-nın da rəsmi açıqlamasından biindiyi kimi, qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Hazırda Ermənistan mətbuatının əsas gündəm mövzularından biri Qarabağda qalmış ləğv olunmuş qondarma qurumun “yüksək çinli” nümayəndələrinin, “deputatları”nın, eləcə də ayrı-ayrı səhra komandirlərinin taleyidir. Məsələn, “Hraparak” qəzeti yazır ki, hazırda qondarma “respublika”nın 3 keçmiş “prezidenti” – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan Xankəndidədir. Həmçinin, qanunsuz hərbi birləşmələrin keçmiş rəhbərləri, “generallar”, “müdafiə nazirləri” və digər hərbi cinayətkarlar da oradadırlar. Bu sıraya qondarma qurumun “çiçəyi burnunda” və “arzusu gözündə qalmış”, tarixə qondarma “artsax”-ın ləğvi aktını imzalamış bəlkə də “ən ağıllı erməni” kimi düşəcək Samvel Şahramanyanı da əlavə etmək olar. Həmçinin, əli günahsız azərbaycanlıların qanına batmış Vitali Balasanyan da Qarabağ iqtisadi zonasının ərazisindədir. Aradan çıxa bilənlər sırasında isə sabiq “müdafiə naziri” Samvel Babayan və “parlament”in “vitse-spikeri” Qaqik Baquntsun adı keçir. Vaxtında aradan çıxa bilməyən, qalan həşəratların taleyinin necə olacağı erməni mətbuatı, elə bizim üçün də çox maraqlıdır. Kremlin faktiki emissarı, Rusiyada kifayət qədər ciddi dayaqları və əlaqələri olan Ruben Vardanyanın həbsi onunla müqayisədə daha “xırda balıqlar” olan separatçıların haqlı qorxusuna səbəb olub. Məhz buna görə qondarma “respublika”nın sabiq “xarici işlər naziri” və “prezidentin köməkçisi” David Babayan Şuşaya gedib, təslim olacağını bəyan etdi. Bu adamlar anlayırlar ki, Vardanyanı qandallayan Azərbaycan üçün digər cinayətkarları həbs etmək heç bir çətinlik törətmir. Odur ki, yaxın günlərdə, hətta saatlarda “qara siyahı”dakı adların bir-bir “dənlənməsinin” şahidi ola bilərik.