“Rusiyanı NATO-nun real gücü ilə qorxutmaq lazımdır” – “Bu müharibədə onlar yalnız uduza bilərlər”
“NATO-ya üzv ölkələr eskalasiya qorxusunu unutmalıdırlar”. Mediaxeberleri.Az xəbər verir ki, bunu NATO-nun sabiq Baş katibi, alyansa 1999-2003-cü illərdə rəhbərlik etmiş Corc Robertson “Sky News”-a müsahibəsində deyib. Sabiq NATO başçısı bildirib ki, Rusiyadan qorxmaq yox, əksinə, onu NATO-nun real gücü ilə qorxutmaq lazımdır: “Qərb Rusiyanın artıq maksimuma çatan eskalasiyasına görə həyəcanlanmaqdansa, Moskvanın hərbi ierarxiyasına anlatmalıdır ki, onların Ukraynadakı hərəkətlərinin nəticəsi NATO ilə uydurma yox, gerçək müharibə ola bilər. O müharibədə ki, onlar (Rusiya-red.) yalnız uduza bilərlər”. Robertson qeyd edib ki, Rusiya hərbçiləri kifayət qədər mühafizəkardırlar və “onlar əvvəl-axır Putinin başlatdığı bu uğursuz, talançı, ən əsası isə alçaldıcı avantürasına görə Rusiyanın risqə atılması ilə barışmayacaqlar”.