Rusiya nəyi gözləyir? Niyə Bakıdan üzr istəmir?
Artıq birmənalı olan odur ki, Azərbaycan təyyarəsini Rusiya hərbi qüvvələri vurub. Heç şübhəsiz ki, bu barədə Vladimir Putinə məruzə olunub. Ancaq nədənsə o, baş vermiş bu olayda Rusiyanın rolunu etiraf etməyə tələsmir. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması haqda qeyd edib. O bildirib ki, mülki təyyarənin səhvən vurulmasını başa düşür: “Ancaq Rusiyanın vurulmuş mülki təyyarəyə acil eniş etməyə icazə verməməsi, üstəlik, Xəzər dənizində cinayətin izinin itməsi ümidi ilə məqsədli şəkildə təyyarəni Qazaxıstana yönəltməsi artıq cinayət əməlidir. Bunun məsuliyyəti tam fərqlidir. Yəni Rusiya səhvən vurduğu təyyarədəki mülki insanları öz bərbad imicini qorumaq məqsədi ilə bilərəkdən ölümə göndərib. Ən pis olanı budur! Rusiyanın törətdiyi daha dəhşətli təyyarə qəzaları var. Bu olay həmin qəzaları yenidən gündəmə gətirəcək. Çünki Rusiya heç bir qəzaya görə məsuliyyəti öz üzərinə götürməyib. Onu da deyim ki, bu olaydan sonra Rusiyanın beynəlxalq səviyyədə təcrid olunması daha da dərinləşəcək. Rusiyaya qarşı total təbliğat daha da güclənəcək. Rusiya çətin vəziyyətə düşüb. Həqiqəti etiraf edə bilmirlər. Susmaq da Rusiyanın əleyhinə işləyir”. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.