Təyyarəmizi vurandan sonra enməyə qoymayan kimdir?
Rusiya Prezidenti Vladimir Putin Bakı-Qroznı təyyarəsinin qəzasına nəyin səbəb olduğunu ilk dəqiqələrdə bilməmiş deyildi. Rusiya Müdafiə Nazirliyi sərnişin təyyarəsinin “səhvən” vurulmasıyla bağlı hesabatı qəzanın ilk saatlarında Kreml sahibinə çatdırıb. Böyük ehtimalla Putin həmin saatlarda MDB dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi sammitini açarkən, Bakı-Qroznı təyyarəsinin rusiyalı hərbçilər tərəfindən vurulduğunu bilirdi. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Əsas sual başqadır: Sərnişin təyyarəmiz “səhvən” vurulduqdan sonra onun Qroznı yaxınlıqdakı hava limanlarından birinə enməyə icazə verilməməsini kim əmr edib? Kim vurulan təyyarənin izinin itirilməsini və Xəzərdə batmasını istəyib? Bu əmr Qroznıdakı yüksək rütbəli hərbçilər tərəfindən verilə bilməzdi. İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir. Bu bağışlanası hadisə deyil”, - o bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Göyərtədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb. İlkin məlumata görə, təyyarəmiz Qroznı üzərində Rusiyanın “Pantsir S1” raketinin hədəfi olub, eyni zamanda radioelektron mübarizə sistemi təyyarənin elektron sistemini sıradan çıxarıb. Qroznı, Mahaçqala və Minvod areroportları enişə icazə vermədiklərindən, təyyarə Aktau hava limanına üz tutub.