Media Xəbərləri > Çap üçün versiya > Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var

Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var

Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var

Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntuları və özbaşınalıqlarından doğan şikayətlər əks olunmaqdadır. Qeyd olunduğu kimi artıq xeyli müddətdir ki, mətbuat səhifələrində Beyləqanda yer almış məmur özbaşınalıqları, RİH səviyyəsində həyata keçirilən maxinasiyalar, külli-miqdarda mənimsəmələr və digər ciddi qanun pozuntularına dair faktların əks olunduğu materiallar dərc olunur. Bu materiallarda ən çox diqqəti cəlb edən məqam isə, bütün hallarda yaranmış vəziyyətə görə əsas məsuliyyət daşımalı olan şəxslərdən biri kimi məhz Azil Aslanovun adının mütləq qaydada yer almasıdır. Bu xüsusda ilk aldığımız məlumatlardan birində qeyd olunmuşdu ki, Beyləqan rayonunun daxili büdcəsindən Beyləqan şəhər Ərazi İnzibati nümayəndəliyinin hesabına bir müddət əvvəl 150 min manat vəsait köçürülüb. Məqsəd Beyləqanın 9 küçəsində abadlıq və yollarda yenidənqurma işləri aparmaq olub. Amma bu pul sadəcə ortadan yoxa çıxıb. Mənbə xüsusi olaraq qeyd etmişdi ki, həmin layihə ilə bağlı mənimsəmə halından bir neçə ay əvvəl tender keçirilib. Tenderin qalibi isə Azil Aslanova məxsus olduğu bildirilən, lakin heç kimin adını belə bilmədiyi bir şirkət olub. Mənbə bildirir ki, 150 milyonluq layihənin qalibi olan müəsisənin adını Beyləqanda bir neçə adamdan savayı heç kimsə bilmir. Tenderin rəsmiyyət naminə keçirildiyini bildirən mənbənin sözlərinə görə, layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib. Yalnız aradan xeyli vaxt keçdikdən sonra ortadan qeyb olan 150 min manatın hesabı artıq sorulmağa başlanıb. Lakin, özünü itirməyən Azil Aslanov vəziyyətdən “orijinal” çıxış yolu tapıb. Belə ki, o, Beyləqanın kənd məktəblərinin direktorlarını yanına çağıraraq onların hər birindən “abadlaşdırma işləri məqsədilə” 5000 manat pul tələb edib. Öz növbələrində direktorlar isə göstərilən məbləği təbii ki, müəllimlərin əmək haqqlarından tutmalı olublar. Mənbələr vurğulayırlar ki, bu səpgidə tender maxinasiyaları Beyləqanda artıq uzun illərdir ki, həyata keçirilir. Əməliyyatların keçirilməsinə isə adətən Beyləqan İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov rəhbərlik edir. Təbii ki, tender müsabiqələrinin əsas iştirakçıları və mütləq qalibləri qismində də M.Qələndərovun bibisi oğlu, Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov və digər bir qohum, Beyləqan Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov çıxış edirlər. Azil Aslanovun maliyyə maxinasiyalarına dair yayılan son məlumatlar isə onun apardığı “alkopan oyunları”ilə bağlı oldu. Həmin məlumatlara əsasən Azil Aslanov Beyləqandakı bütün ticarət obyektlərinin məcburi qaydada bu materialla üzlənməsi barədə göstəriş vermişdi. Təbii ki, bütün quraşdırma işləri yalnız Azil Aslanova məxsus şirkət tərəfindən həyata keçirilirdi. Obyekt sahibləri isə bu işlərin hər 1 kvadrat metrinə görə 42 manat ödəməli oldular.Maraqlıdır ki, rayondan verilən bütün məlumatlarda bildirilir ki, Vaqif Abdullayev Beyləqana İcra başçısı təyin olunduqdan sonra keçmiş Kommunal Təssərrüvat İdarəsinin müdiri Beyləqanın sahibinə çevrilib. Yadınızdadırsa, bir müddət əvvəl Beyləqan şəhərində 0,25 hektar əraziyə malik, 200 nəfərlik istirahət guşəsinin böyük məbləğdə pula satılması camaat arasında ciddi narazılığa səbəb olmuşdu. Azil Aslanov isə heç nə olmayıbmış kimi yenə də ötən illərdə olduğu kimi “abadlıq fəaliyyətini” davam etdirməyə hazırlaşır. Daha doğrusu, büdcədən ayrılacaq yerli vəsaitin intizarını çəkir. Büdcədən ayrılmış vəsait hesabına tikinti-abadlaşdırma işləri aparmaq üçün isə artıq “İlkin-İM” şirkətini seçiblər. Baxmayaraq ki, bu şirkətin tender müqaviləsini yetərli şəkildə bütün şərtləri ilə gerçəkləşdirəcək gücdə olmayıb... \\ Bizimdovr.az \\

Məqalədə adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=49

© 2014 www.mediaxeberleri.com