Fuad Muradovun məhkəməsi başlayır... - 7 nəfəri şəxsi görüntülərlə şantaj etməkdə ittiham olunur
“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradovun məhkəməsi başlayır. Müxtəlif adamları şantaj eləyib, onlardan pul almaqda ittiham olunan Fuad Muradovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Bu məhkəmə prosesində müttəhimlər kürsüsündə Fuad Muradovla yanaşı daha iki nəfər olacaq – Ramil Paşşanov və Gülnar Hacıyeva. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb. Bu kişilərin hamısından şantajla pul alındığı iddia olunur.
Təqsirləndirilən şəxsləri 2023-cü il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“bandotdel”) əməkdaşları saxlayıb. Şantaja məruz qaldığı iddia olunan şəxslər idarəyə şikayət ediblər.
İddia edilir ki, Fuad Muradovgil müxtəlif kişilərin qadınla intim görüntülərini gizli şəkildə çəkib, sonradan həmin görüntüləri ailələrinə göstərməklə hədələyib, o adamlardan pul alıblar.
Bu işə Elmin Rüstəmovun sədrlik etdiyi, Mikayıl Məmmədzadə və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyası baxacaq.
Bu iş üzrə məhkəmənin ilkin hazırlıq iclası aprelin 30-da keçiriləcək.
Fuad Muradov sosial şəbəkələrdə müxalif siyasi fəallara, müstəqil jurnalistlər və tənqidçilərə qarşı təhdidlər, təhqirlərlə vaxtaşırı müzakirə mövzusuna çevrilirdi.