Media Xəbərləri > Çap üçün versiya > Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub

Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub

Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub

“Azərbaycan səhvə yol verib”.

Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib.

Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri konteksində" mövzusunda keçirilən müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev qeyd edib ki, ABŞ qondarma “Dağlıq Qarabağ Respublikası”na Azərbaycandan üç dəfə çox maddi yardım edib.

“Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə, mentalitet nəzərə alınmır. Bu onu göstərir ki, ikili standartlar hökm sürür. İndi də deyirlər ki, ABŞ Ukraynaya dəstək verir. Əslində boş söhbətdir, ABŞ heç bir dəstək vermir, əksinə Ukraynanı bədbəxt günə qoydu. Ukrayna torpaq itirdi, ərazisində ikinci “Dağlıq Qarabağ” yarandı. Bu, ABŞ-ın köhnə oyunudur”.

Digər millət vəkili Zahid Oruc isə bildirib ki, ABŞ-da Azərbaycanla bağlı keçirilən dinləmələrə qatılanlar açıq şəkildə ölkəmizə qarşı sərt mövqe tutublar: “Amma bu tədbirə qatılanlar münasibətlərə töhfə verən çıxışlar edirlər. ABŞ-da Azərbaycanı anti-Rusiya blokuna qoşmaq istəyirlər, İrana qarşı mövqe tutmasını istəyirlər”.

Politoloq Elman Nəsirov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri starteji əhəmiyyət daşısa da, bu əməkdaşlıq yalnız bir tərəfin iştirakı ilə mümkün olmur: “Əsrin müqaviləsində 20,7 faiz Amerikanın payına düşür. Azərbaycan hərbi təhlükəsizlik məsələsində, Əfqanıstan, İraq müharibəsində ABŞ-ın yanında olub. Strateji əməkdaşlıq bir tərəfin addımları ilə tamamlanmır. Amma Dağlıq Qarabağı məsələsində onlardan dəstək görmürük. Dünyada yeganə dövlətdir ki , Amerika Qondarma Dağlıq Qarabağa yardım göstərir, özü də bunu rəsmi şəkildə edir”.

Millət vəkili Fəzail Ağamalı isə ABŞ-da Azərbaycanla bağlı formalaşan mənfi fikirləri tam subyektiv və qeyri-obyektiv, qərəzli olduğu qənaətindədir.

“Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və burada erməni maraqlarını kənara qoysun”, - deyə o bildirib.

Millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, “halbuki regionda sanksiyaya məruz qalmalı olan yeganə ölkə Ermənistandır”.

“Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardım edir. Bizim rəsmi və qeyri rəsmi şəkildə buna etirazımız olub. Ancaq bundan imtina ediblər. Bu, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və istənilən şəkildə biz bunu açıq şəkildə müzakirə etməliyik. Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Bundan ABŞ niyə narazı qalmalıdır? Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamalı, gəncləri küçələrə çıxarmamalıdır. Bunu müzakirə etməliyik”, - deyə A. Quliyev bildirib.

Müzakirələr davam edir.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=29

© 2014 www.mediaxeberleri.com