Media Xəbərləri > Çap üçün versiya > Əli Həsənovun erməni sevgisi, qaçqının 36 manatı və qalmaqallı nəvə – VİDEO

Əli Həsənovun erməni sevgisi, qaçqının 36 manatı və qalmaqallı nəvə – VİDEO

Əli Həsənovun erməni sevgisi, qaçqının 36 manatı və qalmaqallı nəvə – VİDEO
Azərbaycanda səfərdə olan İsveç Krallığının xarici işlər naziri Marqot Vallström baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Görüşlə bağlı cumhuriyyet.az Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, M. Vallström deyib ki, İsveç Avropada adambaşına düşən qaçqınların sayına görə birinci yerdədir. Amma görüşdə maraq doğuran məqam başqa bir məsələ ilə bağlıdır.

Baş “Qaçqınkom”: “erməni xalqı düşmən deyil”

Ə. Həsənov bildirib ki, 24 ildir Dağlıq Qarabağ münaqişəsi həllini tapmır: “Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur. Biz hər kəsi ölkəmizə dəvət etməklə çox düzgün yol seçmişik. Məqsəd odur ki, ölkəmizə gələnlər əsl reallıqları öz gözləri ilə görsünlər. Artıq biz bu yolun müsbət nəticələrini də görməkdəyik. Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Bakıda erməni kilsəsi də qorunub saxlanılıb”.
Şok ittiham: “Bir məmurun ki arvadı erməni ola…”

Azərbaycanda 30 min erməni yaşadığı rəsmi məlumatdır. Azərbaycan dövləti də Ermənistan dövlətindən fərqli olaraq, həm Bakının mərkəzində erməni kilsəsini saxlayıb, həm Gürcüstanda erməni kilsəsinə qaz verib, həm də Bakıda 30 min erməni yaşayır. İrəvanda, Gümrüdə bir azərbaycanlı yaşamır. Bununla belə, Azərbaycanın humanist və sülhpərvər olması heç də Ə.Həsənova haqq vermir ki, 20 ildən artıqdır əzablı qaçqın həyatı yaşayan soydaşlarımızın rəsmi nümayəndəsi kimi belə bir bəyanat versin. Yeri gəlmişkən elə bu məqamda, cumhuriyyet.az olaraq ötən ilin yayında Ağdam qaçqınlarının keçirdiyi aksiyada səslənən ilginc ittihamları diqqətinizə çatdırırıq. İnternat məktəbi müəllimlərinin aksiyasında Ə.Həsənovun həyat yoldaşının milli mənsubiyyətinə toxunulmasıdır. Aksiya iştirakçılarından biri açıq şəkildə bəyan edir ki, onun xanımı milliyyətcə ermənidir və o, 1 milyon qaçqının səsini eşitmir. Təbii ki, 1 milyon azərbaycanlı öz yuvasından məhz erməni işğalına məruz qaldığı üçün didərgin düşüb. Bu halda Ə.Həsənovun Azərbaycan xalqına münasibətinə diqqət yetirilməlidir. Həqiqətən də komitə sədri millətini sevirmi, köçkünlərin dərdinə şərik çıxırmı, yaralarını, ağrılarını bölüşürmü?



Nəvəsinin milyonluq avtomobil kolleksiyası olan məmur qaçqının 36 manatından danışır…

“Qaçqınkom” sədrinin qalmaqalı bununla bitmir. Nəvəsinin milyonluq avtomobil kolleksiyası onun həbsdən çıxmasını gözləyir ki, yenə şəhərin küçələrində şütüsün, özü isə xalqımıza qənaətlə yaşamağı öyrədir. Söhbət Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənov AzTV-dəki məşhur çıxışında məcburi köçkünlərə dövlətin ayırdığı 36 manatı böyük vəsait adlandırmasından gedir. Həmin müsahibəni cumhuriyyet.az olaraq yenidən yada salırıq: Baş “qaçqınkom” deyir, aylıq 36 manat böyük puldur, birdən xərcləməyin. Ə.Həsənov tövsiyə edir ki, həmin pulu ayrıca saxlasınlar və kommunal təşkilatların borcuna sərf etsinlər. Onun fikrincə, dövlətin 1 milyon qaçqın və köçkünə verdiyi adambaşı 36 manat böyük vəsaitdir və bu “böyük vəsait” sözünü efirdə tez-tez böyük şəstlə səsləndirir.
Yəni, elə bir minnət qoyur ki, “Galendvagen”lə 2 nəfərin həyatına son qoyan onun nəvəsi deyil, 36 manatla lüks həyat yaşayan hər hansı bir qaçqındır. Əlbəttə, “utanmasan oynamağa nə var ki” burda deyiblər. Ə.Həsənov ağ yalanı o qədər istedadla danışır və ailə büdcəsinin qənaət səbətini elə incələyir ki, adam mat-məəttəl qalmaya bilmir.

Bu nəhənglikdə qırmızı yalanı dövlətin televiziyasından 1 milyon qaçqının və 10 milyon xalqın üzünə necə deyə bilər? – heyrət!



Necə olur ki, Əlinin balası ağıllı, Vəlinin balası isə narkoman olur?

Ötən illər ərzində komitəyə axan milyonlar isə Ə.Həsənovun nəvəsi Nail Allahverdiyevin yurd-yuvasından didərgin düşmüş köçkünlərin hesabına harınlaşmasına səbəb olub. O isə 36 manatı köçkünlərə çox görür və AzTV-də özünü gülünc vəziyyətə qoyur. Ə.Həsənova solaxay zərbəni vuran və eyhamla mesaj göndərən öz həmkarı oldu. Baş nazirin müavini Abid Şərifov dedi ki, məmur övladının tərbiyəsi evdən gəlir: “Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz.

Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.

Onun bu zaman səsləndirdiyi bəzi fikirlər isə həmkarı – baş nazirin digər müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənova göndərmə kimi qəbul oluna bilər. Hər halda Abid Şərifovun fikirlərini oxuduqda ilk ağla gələn şəxs nəvəsi milyonluq maşın kolleksiyası ilə harınlıq edən, avtomobili yüksək sürətlə idarə edərkən 2 nəfərin ölümünə səbəb olan Əli Həsənov olur.
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=21212

© 2014 www.mediaxeberleri.com