Almaniyada dönər etirazı: Adı dəyişəcək?
Dönərin qeydiyyatı üçün Aİ-yə edilən müraciətə Almaniyadan etiraz gəlib. Etirazın Almaniya hökumətindən deyil, türk dönər istehsalçılarından gəlməsi prosesi daha da qarışdırıb. Dönərin Aİ-də Türkiyədən fərqli hazırlanması bir növ türkləri qarşı-qarşıya qoyub. Mediaxeberleri.Az xəbər verir ki, Türkiyə tərəfindən edilən müraciət 24 aprel tarixində Aİ Rəsmi Qəzetində dərc olunub və üç aylıq etiraz prosesi başlayıb. Son tarixə az qalmış Almaniyadakı dönər istehsalçıları Almaniyanın müvafiq qurumlarına müraciət ediblər. Almaniyanın müvafiq nazirliyi də Brüsselə 10 etiraz göndərib. Etirazlar Almaniya hökumətinin rəsmi siyasətini deyil, alman istehsalçılarının yanaşmasını əks etdirir. Ərizədə heyvan ətinin hansı növ və yaşda istifadə edilməsi, ətin hansı qalınlıqda və necə kəsiləcəyi, kəsim üsulunun necə olması kimi detallar yer alır. Əgər bu tərif qeydə alınarsa, Almaniyada istehsal olunan dönərlər bir daha nəzarətdən keçməli olacaq. Bu da çox ciddi iqtisadi problem riski yaradır. Dönər deyilən meyara uyğun gəlmirsə, adında dəyişik tələb olunacaq. Tərəflər razılığa gələrsə, bir ay ərzində Aİ Komissiyasına hesabat verəcəklər. Əgər konsensus əldə olunmasa, son qərarı Aİ Komissiyası verəcək. Qeydiyyat müraciətinin rədd edilməsi də Aİ Komissiyasının seçimləri sırasındadır. Türk qəhvəsi, lokum və qatıq üçün də müraciətlər edilib.