Bakıda uşaq bağçasında insident - 20 sutkalıq həbs edildi
Bakı şəhər Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən “Mədinə” uşaq bağçasında insident baş verib. Bağçanın yaxınlığında yaşayan 1980-ci il təvəllüdlü S.Babayev (ad, soyad şərtidir) uşaq bağçasına məxsus dekorları və gül dibçəklərini dağıdıb. Belə ki, o, bir neçə azyaşlı uşağın əlinə alət verərək bağçanın quraşdırdığı dekorativ vasitə və dibçəklərin dağıdılmasına göstəriş verib. Uşaqlar onun göstərişi ilə bağçaya xeyli ziyan vurub. Hadisə zamanı bağça nümayəndəsi S.Babayevə hərəkətini dayandırmasını bildirsə də, o, etinasızlıq göstərib. Həmin şəxs bağçanın quraşdırdığı əşyaların ətrafdakı binalarda yaşayan uşaqların ərazidə oynamasını məhdudlaşdırdığını bildirib. Daha sonra əraziyə polis dəvət edilib və S.Babayev saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib. Yasamal rayon Məhkəməsinin qərarı ilə S.Babayevə 20 sutkalıq həbs cəzası verilib.