“Əliyevin təklifləri ermənilər üçün məqbuldur” - Ermənistanın sabiq prezidenti müşaviri
“Beynəlxalq birlik də hər zaman deyib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir” Beynəlxalq birlik həmişə Azərbaycanın tərəfində olub, amma ermənilər bunu qəbul etmək istəmirdilər və öz qarşılarında həlli əvvəlcədən mümkün olmayan hədəflər qoyurdular. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın müşaviri Jirar Liparityan ABŞ-ın Masaçusets ştatındakı ermənişünaslıq mərkəzində keçirilən tədbirdə deyib. Liparityan çıxışında bildirib ki, əslində, İlham Əliyevin təklifləri ermənilər üçün qənaətbəxşdir: “Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, bizim daxili problemlərin sizə aidiyyatı yoxdur. Beynəlxalq birlik də bununla razıdır. Əliyevin indiki təklifləri ermənilər üçün məqbuldur”. Lipartiyan hesab edir ki, Azərbaycanla sülh razılaşması imzalamaq olar və beynəlxalq birlik ermənilərdən fərqli olaraq, hər zaman Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb: “Reallıq budur ki, BMT-nin Təhlükəsizlik Şurası, eləcə də bizim Rusiya, Fransa, İran, Yunanıstan, Kipr kimi dostlarımız da daxil olmaqla, beynəlxalq birlik hər zaman deyib ki, Qarabağ heç vaxt müstəqil olmayacaq və o, Azərbaycanın tərkib hissəsidir. Ancaq biz onlara qulaq asmırdıq, yalnız özümüzə qulaq asırdıq... Biz dünyaya yalnız onların bizim üçün nəsə etməli olduqlarını deyirdik... Biz özümüzü “qurban” rolunda komfortlu hiss edirdik. Ancaq bizim “Mən bunu, yaxud digərini istəyirəm” demək lüksümüz yoxdur”. Xatırladaq ki, Lipartiyan bundan öncə də Ermənistanın qonşuları ilə düşmənçilik siyasətinin səhv olduğunu bildirmiş, revanşist qüvvələri tənqid etmişdi. Hətta buna görə də qatı millətçi ermənilər onu satqın kimi təqdim edirlər. C.Məmmədov “AzPolitika.info”