Şəhid övladının doğum gününü qeyd etdilər
Vətən Müharibəsinin şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun övladı Mübariz İsmayılzadənin doğum günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhidin ailəsini ziyarət edib.
Mediaxeberleri.Az xəbər verir ki, Suraxanı RİH başçısı Əziz Əzizov hədiyyələrlə şəhidimizin yadigarı Mübarizi doğum günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdıraraq şəhidimizin döyüş meydanında göstərdiyi igidlikdən söz açıb və Mübarizin də atasının adına layiq vətənpərvər ruhda böyüyəcəyinə əmin olduğunu bildirib.
Şəhidimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə başda ölkə Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya olmaqla rayon rəhbərliyinə təşəkkürlərini bildirib, şəhidin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını onun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.
Qeyd edək ki, şəhid Elçin İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.