Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - AÇIQLAMA
“Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək”. Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O qeyd edib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. “Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir. Mayın 18-i axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında mayın 18-i gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək”, - deyə G.Məmmədova bildirib.