Qonşularımız NATO-ya qoşuldu... BİZ QALDIQ? - ŞƏRH
"Gürcüstan və Ermənistan heç bir zaman NATO-ya üzv olmayacaq".
Bu sözləri politoloq Elçin Xalidbəyli "Cebhe.info"-ya Gürcüstanda indiki proseslərin Ermənistana təsiri barədə danışarkən bildirib. Onun sözlərinə görə, həm Gürcüstan, həm də Ermənistan Qərbə geosiyasi manipulyasiya üçün lazımdır:
"Əslində Gürcüstanın avroatlantika məkanına inteqrasiyası mümkün deyil.
Bu, sadəcə geosiyasi manipulyasiyadır. Gürcüstan nə Avropa İttifaqına, nə də NATO-ya üzv olacaq. Hesab edirəm ki, Gürcüstanın üzvlüyü hər iki təşkilat üçün ciddi problemə çevrilə bilər. Çünki bu ölkədə etnik münaqişə hökm sürməkdədir. Belə ölkələr avroatlantika məkanına inteqrasiya oluna bilmir”.
Ekspertin fikrincə, Gürcüstan Qərbə yalnız siyasi alət olaraq lazımdır:
“Ermənistana gəlincə, artıq İrəvanın avroatlantikaya inteqrasiya olunmaq məsələsi fiaskoya uğrayıb. Ermənistan da Aİ və NATO-ya lazım deyil. Qərb yalnız Ermənistandan regionda öz geosiyasi maraqlarını həyata keçirmək üçün istifadə edə bilər. Son zamanlar Paşinyan hakimiyyətinin sülh prosesində aktivlik göstərməsi və sülh sazişinin imzalanması məsələsində qəti mövqe ortağa qoyması onu deməyə əsas verir ki, İrəvanın Qərbə olan ümidləri boşa çıxıb. Nikol Paşinyan çox yaxşı başa düşür ki, Ermənistanın təhlükəsizliyinə tam təminat İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin tam normallaşmasından keçir”.
E. Xalidbəylinin fikrincə, Paşinyan Qərbdən öz istədiyini ala bilmədi:
“Əgər Paşinyanın gözləntiləri özünü doğrultmasa, Ermənistanın yenidən Rusiya ilə yaxınlaşmasını müşahidə edəcəyik".