Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov
Hazırda sülh danışıqlarında çox yaxşı, müsbət dinamikanı müşahidə edirik. Paşinyanın sözlərinə gəldikdə isə demək istəyirəm ki, ermənilərin özlərinin də etiraf etdiyi kimi, əsas olan Prezident İlham Əliyevin nə deməsi və nə etməsidir. Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqda danışarkən deyib. “Xatırladım ki, bir il bundan əvvəl ADA Universitetində keçirilən böyük tədbirlərdən birində İlham Əliyev çıxışı zamanı heç kimin Azərbaycana delimitasiya xəritələri ilə bağlı məhdudiyyət qoya bilməyəcəyini bildirmişdi. Hətta ölkə başçısı ehtiyac yaranacağı təqdirdə 1918-1920-ci illərin xəritələrindən istifadə olunacağını vurğuladı. Yəni istənilən xəritə ilə delimitasiya və demarkasiya aparıla bilər. Bu, tək Ermənistanın iradəsinə bağlı deyil, iki tərəfin razılığı olmalıdır. Qalib Azərbaycanın iradəsi isə hər hansı məsələdə daha üstün olacaq. Sadəcə olaraq, problemlərin olmadığı nöqtələrdə SSRİ-nin sonlarına aid xəritələrdən istifadə edilib. Problemli yerlərdə isə əlbəttə ki, müxtəlif dövrlərə aid xəritələr gündəmə gələcək”, - siyasi şərhçi bildirib. Qeyd edək ki, Paşinyan dünən keçirdiyi mətbuat konfransında delimitasiyanın SSRİ dövründə qüvvədə olan ən son xəritələr ilə aparıldığını bildirib.