Rauf Arifoğlu namizəd olacaq, Elçin Mirzəbəyli, Rəşad Məcid isə... - AÇIQLAMA
Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır. Amma Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı ilə eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkiləcəyi gözlənilir.
Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
“Sherg.az” ölkənin siyasi taleyinə həllediçi təsir imkanı olan seçkilərdə tanınmış simalar və partiya sədrlərinin iştirak edib-etməyəcəkləri ilə bağlı sorğu keçirib. Sorğuya cavab olaraq AĞ Partiya sədri Tural Abbaslı seçkilərə qatılacağını bildirib :
"Mən və partiyamız gözlənilən seçkilərdə iştirak edəcəyik və bu fürsəti qaçırmağı düşünmürük. Hətta, bununla bağlı işlər görülür. Artıq 80 - ə qədər namizəd müəyyən olunub. İmza toplama kompaniyasının keçirilməsi üçün insan resursları, təbliğat, təşviqat, xalqa müraciət edəcəyimiz şüarlar kimi məsələlərlə əlaqədar gündəlik müzakirələrimiz davam edir".
"Xalq Cəhbəsi” qəzetinin baş redaktoru , Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Elçin Mirzəbəyli bu haqda rəy verə bilməyəcəyini söylədi:
"Çünki bir partiyanın təmsilçisi və sədr müaviniyəm. Belə məsələlərlə bağlı qərarları partiyanın seçkili orqanları verir. Bu barədə yalnız siyasi məsuliyyəti olmayan fərdi şəxs rahat fikir bildirə bilər. Ancaq partiya qərar vermədən siyasi partiya funksionerlərinin seçki barədə danışması mümkün deyil. Əks təqdirdə, partiyanın seçkili orqanlarının mövqeyinə qarşı olmq , hörmətsizlik nümayiş etdirmək kimi başa düşülür. Siyasi mədəniyyət bunun əksini tələb edir".
Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə susqunluğunu qoruyaraq bununla bağlı fikir bildirməyəcəyini dedi.
"Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu seçkilərdə namizədliyini irəli sürəcəyini vurğuladı:
"Təbii ki, qərarım vəziyyətə və məqama bağlıdır. Ancaq seçkilərə qoşulmağı düşünürəm".