“Ukrayna Rusiya sualtı qayığını vurmaqla tarix yazıb” – “Storm Shadow” raketlərindən istifadə ediblər”
“Ukraynanın Sevastopolda Rusiyanın Qara dəniz hərbi donanmasına zərbə endirməsini böyük uğur hesab etmək olar. İndiyə qədər böyük desant gəmiləri üç dəfə məhv edilib, sualtı qayığın vurulması isə ilk dəfədir baş verir”. Mediaxeberleri.Az xəbər verir ki, bunu məşhur "Defense Express” nəşrinə danışan hərbi mütəxəssislər bildiriblər. Yazıda qeyd olunur ki, söhbət ötən gecə vurulan Rusiyaya aid “Rostov na donu” sualtı qayığından və “Minsk” böyük desant gəmisindən gedir: “Rusiyaya aid sualtı qayığın vurulması unikal hadisədir və bu, artıq tarixə yazılacaq”. Bildirilir ki, Ukrayna özü-özlüyündə sualtı qayıqları vura biləcək hərbi dəniz infrastrukturuna malik deyil. Belə ki, bunun üçün xüsusi hərbi təyyarələr, helikopterlər, gəmilər və sualtı qayıqlardan ibarət böyük kopmpleks lazımdır. Lakin Ukrayna öz məhdud imkanları daxilində mümkün olmayanı etməyə nail olub. Mütəxəssislər güman edirlər ki, Ukrayna limandakı desant gəmisini və sualtı qayığı öz hərbi aviasiyası vasitəsilə məhv edib və bu zaman Ukrayna təyyarələri böyük ehtimalla Böyük Britaniyanın “Storm Shadow” raketlərindən istifadə ediblər. Belə ki, bu raketlərin döyüş başlığı 450 kiloqramdır və məhz onların vasitəsilə bu cür uğurlu, dəqiq hücum həyata keçirilə bilərdi. O da bildirilir ki, böyük ehtimalla Rusiyaya aid sualtı qayıq suyun üzünə çıxmış vəziyyətdə olub və Ukrayna Silahlı Qüvvələri bu məqamdan məharətlə istifadə edə biliblər. Qeyd edək ki, bu gün Ukrayna Hərbi Hava Qüvvələrinin rəhbərliyi Sevastopoldakı uğurlu əməliyyata görə öz pilotlarına təşəkkür elan edib və bu cür hücumların ardının gələcəyini bildirib. “AzPolitika.info”