Komitənin çarxı: Röya “Qayıdış”a niyə çağırır? - Video
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışla bağlı xalq artisti Röya Ayxanın fikirlərinə yer verib. Kult.az xəbər verir ki, bu məqsədlə Röya Ayxanın “çağırışı” əks olunan çarx hazırlayıb. Röya xanım da deyib ki: “Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir. Biz evimizə qayıdırıq. Sevərək evlərinizə dönün” və s. Onillərlə qayıdış həsrətilə yaşayanların torpaqlarımız işğaldan azad olunduqdan sonra yurdlarına köçmək istəyinə Röya Ayxanın niyə və hansı məntiqlə “təkan” vermək istəyi, bunu öz sözləri ilə “stimullaşdırması” başadüşülən deyil. Əvvəla, “bu prosesi tək mən yox...” əvəzinə “mən də izləyirəm”, “sevə-sevə seyr edirəm” kimi ifadələrdən istifadə etmək daha məntiqli olardı. İkincisi, “Sevərək evinizə dönün” çağırışı nə deməkdir? Kim sevərək dönmür ki? Yaxud Qayıdışı stimullaşdırmaq üçün niyə füsunkar təbiət, quruculuq işlərinin miqyası, arxiv materiallarından istifadə ilə yurd yerlərimizi tərk etməyin dəhşətli ağrısını xatırlatmaq və yaxud tanınmışların qayıdışda ön sırada olduqlarını “subliminal mesaj”la çatdırmaq əvəzinə cəmiyyətdə birmənalı qarşılanmayan bu şüarçı “çarx”a doğrudanmı ehtiyac var? Videonu təqdim edək və ümid edək ki, Dövlət Komitəsi bundan sonra bu istiqamətdəki stimullaşdırıcı çarxlarında iradları nəzərə alacaq: