Azərbaycan verilişlərinin “ekspertlər”i - “Tanınmış adamlar var ki, özlərini...”
Tanınmış kulturoloq Aydın Xan Əbilovun bu həftə 3 fərqli telekanalda 10 canlı yayımda ekspert qismində iştirak edəcəyini deməsi müzakirələrə səbəb oldu. Bəs görəsən, sosial verilişlərdə hər dəfə eyni adamların ekspert kimi çıxış etməsi nə ilə bağlıdır? Aparıcılar qalmaqala meyilli, dava-dalaş salan şəxsləri reytinq üçün efirə dəvət edirlər, yoxsa ölkədə ekspert qıtlığı yaşanır? Məsələ ilə bağlı Yenisabah.az-a Əməkdar jurnalist Elçin Şıxlı bildirib ki, telekanallarda ekspert qıtlığı yaşanır: “Ümumiyyətlə, sosial verilişlərə gedən ekspertlər bu sahənin ekspertləri olmurlar. Sosial həyat üzrə ekspert olduğunu eşitməmişəm. Onlar ola bilər ki, psixiatr, psixoloqdur, pediatrdır. Sosial həyat üzrə ekspert olmur. Sadəcə cəmiyyət arasında müəyyən qədər tanınmış adamlar var ki, özlərini ekspert kimi təqdim edirlər. Amma siyasi məsələlərlə bağlı ekspert qıtlığı var. Çünki bizdə barmaqla sayılası qədər ciddi və doğrudan da siyasətdən başı çıxan insanlar var. Onlar 5-6 nəfərdən artıq deyil. İndi gənclər ortaya çıxıb, aralarında özlərini təsdiq etməkdə olanlar var, lakin hazırda bu sahədə ekspert qıtlığı yaşanır. Mən özüm də televiziyada 3 mövsüm işlədim. Dəvət etməyə adam tapılmır. Bir mövzu ilə bağlı eksperti 1-2 dəfə dəvət edərlər, amma biz məcbur olurduq ki, bir şəxsi dəfələrlə dəvət edək. Dairə qapanırdı, danışa biləcək, sanballı söz deyə biləcək şəxslərin sayı az idi. Qalmaqallı sosial verilişlərə isə şəxsən mən baxmıram. Çünki o cür verilişlərdən özüm üçün nə isə götürə, öyrənə bilmirəm”. Əsmətxanım Rzazadə