Xətai rayon sakinləri: “Təmizlik işçisi ştatı yoxdur, zibili özümüz daşıyırıq” - ŞİKAYƏT + FOTO
Paytaxtın Xətai rayonunun sakinləri yaşadıqları ərazidə bir çox problemlərlə üzləşdiklərini iddia edirlər. Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub. Sakin Könül Rzayeva bir çox problemlərdən əziyyət çəkdiklərini dilə gətirib: “1996-cı ildən Xətai rayonu, Qafqaz küçəsi, 37, mənzil 5 ünvanında yaşayırıq. İkimərtəbəli binadır. İllərdir binanın həyətini özümüz süpürürük, zibilləri özümüz atırıq. Binanın həyəti zil qaranlıq idi. İşıq da yox idi. Əvvəlcə mövcud idi. Sonra kəsib atdılar. Biz də işığı qonşunun həyətindən sakinlərlə birlikdə çəkmişdik. Kanalizasiyanı da özümüz yenidən çəkdik. Bir gün kanalizasiya daşdı. Binanın həyəti gölməçə oldu. Pul yığıb, kanalizasiya xətti çəkdik. Qonşuların hamısı narazıdır”. K.Rzayeva binanın həyətini təmizləyən işçilərin olmadığını qeyd edib: “Kanalizasiya problemini, işığı özümüz həll etmişik. Bir ara içməli suyu da bağlamaq istəyirdilər. Qarşı çıxdıq. Bir çox problemləri özümüz həll etdik. Həyətin təmizliyinə baxan yoxdur. Təmizlik işçisinə ehtiyac var. İcraya və bələdiyyəyə müraciət etdik. Təmizlik işçisi ştatının olmadığını deyirlər, müraciətimizə baxan yoxdur. Çox yorulmuşuq”. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsək də, zənglərimiz cavabsız qalıb.