Azərbaycanlı məşqçi: “FIDE tərəfindən mükafat almaq mənim üçün şərəfdir”
“FIDE tərəfindən belə bir mükafat almaq mənim üçün şərəfdir. Əsas məqsədim yetirmələrimin gələcəkdə Azərbaycanın əsas millisində çıxış etmələridir”. Bunu “Report”a açıqlamasında Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən dünyada yeniyetmələr üzrə 2023-cü ilin ən yaxşı məşqçisi seçilən Cahangir Ağarəhimov deyib. Fərdi mükafata görə sevincli olduğunu bildirən Əməkdar məşqçi işindən zövq aldığını bildirib: “Bunu mənə verilən qiymət kimi qəbul edirəm. 20 ildir yeniyetmə şahmatçılarla çalışıram. Bu illər ərzində hər zaman yetirmələrimin müxtəlif yaş kateqoriyalarında böyük uğurlar qazanmalarını hədəfləmişəm. Bu nəticələrin son illər artmasına çox sevinirəm”. Qeyd edək ki, Cahangir Ağarəhimov beynəlxalq qrosmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarının qalibi və medalçıları olublar. C.Ağarəhimovun tələbəsi, beynəlxalq qrosmeyster Abdulla Qədimbəyli 2022-ci ildə 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.